İqtisadiyyat

Bu il 57 rayon və şəhərdə əmək yarmarkaları təşkil edilib

28-12-2017 | 10:02        

  

Bu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti 46 min 48 nəfəri münasib işlə, 1143 nəfəri isə haqqı ödənilən ictimai işlərlə təmin edib. Xidmətin xətti ilə 3226 nəfər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən isə 285 nəfər gənc peşə hazırlığı kurslarına qəbul olunub. 2017-ci ildə Dövlət Məşğulluq Xidmətinin ölkəmizin 57 rayon və şəhərində təşkil etdiyi əmək yarmarkaları zamanı 4 min nəfərə yaxın işsizə peşə bacarıqları və əmək vərdişlərinə uyğun olan vakant iş yerlərinə göndərişlər verilib. Onlardan 100 nəfərə yaxını sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkənlərlərdi. Həmin şəxslər  işlə təmin olunmaq üçün kvota əsasında ayrılmış iş yerlərinə göndəriliblər. Əmək yarmarkalarında göndəriş verilənlərdən 88 faizi işlə təmin olunublar. Fəal məşğulluq tədbirlərində, həmçinin 114 nəfərə haqqı ödənilən ictimai işlərə göndəriş verilib. 245 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmələri üçün qeydiyyata alınıblar. İl ərzində Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində yerləşən ümumilikdə 10 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında məşğulluq tədbirləri təşkil olunub. Həmin tədbirlərdə tələbə və məzunlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlərə müvafiq ixtisaslar üzrə kadrların seçimini aparmaq imkanı yaradılıb, həmçinin boş iş yerlərinə göndərişlər verilib, ixtisasartırma kurslarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.