İqtisadiyyat

TAP layihəsi üzrə isə işlərin 60 faizdən çox hissəsi tamamlanıb

28-12-2017 | 09:58        

  

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi İtaliyada qrafik üzrə irəliləyir. TAP layihəsi üzrə isə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 60 faizdən çox hissəsi tamamlanıb.Bu fikirləri TAP-ın kommunikasiya rəhbəri Lisa Givert açıqlamasında deyib.

2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər ikinci dərəcəli icazələrin alınması üzrə işlər davam etdirilir. TAP-ın 8 kilometrlik İtaliya hissəsinin inşası çərçivəsində bu ilin mart-iyul aylarında müxtəlif işlər həyata keçirilib. TAP-ın kommunikasiya rəhbəri Lisa Givertin sözlərinə görə  TAP-ın Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 60 faizdən çox tamamlanıb. Bu irəliləyiş TAP-ın keçdiyi hər üç ölkəni - Yunanıstan, Albaniya və İtaliyanı əhatə edir. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. Boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu ilin ilk rübündə layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.