Cəmiyyət

Azərbaycanın ailə və tolerantlıq modeli dünyada nümunə kimi qəbul edilir

27-12-2017 | 16:00        

  

“Ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün ölkəmizdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycanın ailə, gender siyasəti üzrə təcrübəsi  bəzi ölkələrin marağına səbəb olub”. Bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2017-ci ilin yekun kollegiya iclasında səsləndirilib.

Azərbaycan dövləti üçün ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi prioritet təşkil edir. Bu istiqamətdə mühüm qanunlar qəbul olunur və davamlı islahatlar aparılır. Ölkə başçısının Fərman və Sərəncamları ilə təsdiqlənən Dövlət Proqramları uğurla icra edilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, hazırda ölkəmizdə 2 milyon 84 mindən çox ailə var. Azərbaycanın ailə və tolerantlıq modeli dünyada nümunə kimi qəbul edilir. Ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilir və bu, dövlət siyasətidir. Məişət zorakılığının qarşısının alınması sahəsində atılan addımlardan da danışan komitə sədri istifadəyə verilən Elektron Məlumat Bankının, bununla bağlı keçirilən təlim kurslarının əhəmiyyətini vurğuladı. O da bildirildi ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması qadın sahibkarlarda böyük ruh yüksəkliyi yaradıb. Hazırda sahibkar qadınların sayı 143 mindən çoxdur. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Nazirlər kabinetinin sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov, Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Aqiyə Naxçıvanlı qadınların cəmiyyətdə gedən proseslərdə fəal iştirak etdiyini bildirdilər. Müxtəlif ölkələrin aidiyyətı dövlət orqanları ilə sıx əməkdaşlıq münasibətlərinin qurulması, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıldı. Diqqətə çatdırıldı ki, Azərbaycanın ailə, gender siyasəti üzrə təcrübəsi  bəzi ölkələrin böyük marağına səbəb olub.