Bölgələr

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasından 50 il ötür

27-12-2017 | 14:50        

  

Böyük keçmişə malik olan Şəkidə  məşhur “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun yaradılmasından artıq 50 il ötür. Mütə\xəssislərin yekdil rəyinə görə, qoruğun ərazisindəki zəngin mədəni irs yalnız xalqımıza deyil, bütün bəşəriyyətə məxsusdur. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu, milli dəyərlərin həssaslıqla qorunub-saxlanıldığı Şəkidən bununla bağlı xəbərimiz var.

Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu 1967-ci ildə yaradılıb. Ümumi ərazisi 283 hektar olan qoruğda dövlət qeydiyyatına alınan dünya, ölkə və yerli əhəmiyyətli 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidə var. Şəkiyə gələn turistlərin də ən çox üz tutduqları tarixi məkanlardan biri məhz qoruğun ərazisidir. Təsadüfi deyil ki, burada Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı, V-VI əsrlərə aid Dairəvi Məbəd, XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksi, muzeylər həmçinin “Sənətkarlar evi” vardır. Hazırda qoruğun ərazisində onlarla sənətkarlıq emalatxanası fəaliyyət göstərir. Şəkidə şəbəkə, dulusçuluq, təkəlduz, papaqçılıq, ipəkçilik, nalbəndlik, misgərlik, dəmirçilik, zərgərlik kimi sənət növləri indiyədək qorunub saxlanılır.

Qoruğun yaradılmasının 50 illiyinə həsr olunan tədbirdə Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, Mədəniyyət və Turizm nazirinin müavini Vaqif Əliyev və başqaları Şəkinin tarixən Azərbaycanın mədəni mərkəzlərindən biri olduğunu vurğulayıblar. Buranın UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi də mühüm hadisə kimi dəyərləndirilib. Hazırda Şəki xanlarının sarayı ilə birgə şəhərin tarixi mərkəzinin də UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi istiqamətində iş aparıldığı diqqətə çatdırılıb. Mədəni irsin qorunması sahəsindəki xidmətlərinə görə qoruğun bir qrup əməkdaşına fəxri fərmanlar təqdim edilib. Sonra “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun veb-səhifəsinin təqdimatı olub. Xüsusi hazırlanan konsert proqramı yubiley tədbirinə daha gözəl ovqat qatıb.