Mədəniyyət

Bu il mədəniyyət və turizm sahəsində mühüm nailiyyətlər əldə olunub

27-12-2017 | 13:40        

  

Bu il Azərbaycanda bir çox sahələr kimi mədəniyyət və turizm sahəsində də mühüm uğurlar qazanılıb. Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunlarına həsr olunan iclasında bildirilib ki, ölkəmiz beynəlxalq tədbir və festivallar, forum və görüşlərə uğurla ev sahibliyi edib.

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib. Mədəniyyətin inkişafı ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən tədbirlər xüsusi qeyd olunmalıdır. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xatırlatdı ki, mayda Bakı “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna uğurla ev sahibliyi edib. Forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçirilib. Forumda 800-dən çox xarici nümayəndə iştirak edib.

Diqqətə çatdırıldı ki, mədəniyyət abidələri, milli irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Bu il həmçinin ölkəmizin UNESCO-ya üzv olmasının 25 illik yubileyi də qeyd edilib və bu çərçivədə bir sıra tədbirlər keçirilib. Azərbaycanın quruma təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi”, həmçinin “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”nin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi  növbəti uğurlarımızdandır. Ölkəmizdə həmçinin ilk dəfə olaraq il ərzində iki dəfə Bakı Şopinq Festivalı təşkil edilib. Statistik rəqəmlər də göstərir ki, festivallar ölkəmizdə ticarət dövriyyəsinin artmasına, turizm axınına  müsbət təsir göstərib. Toplantıda Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci ilin birinci yarımillik iş planı da təsdiqləndi.