Mədəniyyət

Üçcildlik Azərbaycan Teatr Ensiklopediyası çap olunub

27-12-2017 | 09:33        

  

Prezident İlham Əliyevin sərəncamı əsasında “Azərbaycan teatrı 2009-2019-cu illərdə” dövlət proqramına uyğun olaraq, Azərbaycan Teatr Ensiklopediyası çap edilib. Təqdimat mərasimində bildirilib ki, 3 cildlik nəşrdə xalq teatr tamaşalarından müasir səhnə sənətimizədək elmi məlumatlar, görkəmli xadimlər barədə məlumatlar yer alıb.

144 illik tarixə malik Azərbaycan teatr sənəti böyük inkişaf yolu keçib. Xalq yaradıcılığı ilə başlayan mədəni hərəkat ziyalılarımızın sayəsində teatra çevrildi, mütərəqqi ideyalar ortaya qoyuldu. Şərq mədəniyyətinə öz təsirini göstərən Azərbaycan teatrı indi inkişafının yeni dövrünü yaşayır.  3 cildlik Azərbaycan Teatr Ensiklopediyasının çapı da bu sahəyə dövlətin xüsusi münasibətinin nümunəsidir. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirdi ki, ensiklopediya Prezident İlham Əliyevin sərəncamı əsasında, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” dövlət proqramına uyğun olaraq işıq üzü görüb. Milli teatr sənətinin, Azərbaycan incəsənətinin tarixi ətraflı işıqlandırıldığı ensiklopediya dəyərli elmi-nəzəri yükü olan zəngin mənbədir. Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, millət vəkilləri - Rəfael Hüseynov, Nizami Cəfərov, Aqil Abbas və digər çıxış edənlər nəşri fundamental teatr tədqiqatının dəyərli nümunəsi kimi qiymətləndirdilər. Vurğulandı ki, bu ensiklopediyada Azərbaycan teatrının mənzərəsi, keçdiyi yol aydın əks olunub. Akademik meyarlar əsasında hazırlanan ensiklopedik nəşr həm də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Azərbaycan Teatr Ensiklopediyasının müəllifi, teatrşünas-tənqidçi İlham Rəhimli kitabın dövlətin teatr sahəsinə diqqətinin əyani nümunəsi olduğunu dedi. Nəşrdə kökləri qədim dövrlərə gedib çıxan xalq teatr tamaşalarından tutmuş müasir səhnə sənətinədək məlumatlar verilib. Görkəmli səhnə xadimləri barədə məqalələr yerləşdirilib.