Mədəniyyət

Xalq Artisti, pianoçu, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyi keçirilib

27-12-2017 | 09:29        

  

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında SSRİ Xalq Artisti, pianoçu, professor Fərhad Bədəlbəylinin 70 illik yubileyi münasibətilə konsert proqramı keçirilib.

Fərhad Bədəlbəyli Bakıda görkəmli teatr rejissoru, Xalq artisti  Şəmsi Bədəlbəylinin ailəsində dünyaya göz açıb. O, ilk musiqi təhsilini Bülbül adına orta ixtisas məktəbində alıb. Daha sonra ali təhsilini   Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında uğurla başa vuran pianoçu Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasına daxil olur. İstedadlı pianoçu zəhəmtsevərliyi sayəsində Çexoslavakiyada  Bedrjix Smetana və Lissabondakı Vianna da Motta adına beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşır və 25 yaşında ikən Respublikanın Əməkdar artisti adına layiq görülür. O, virtuoz pianoçu kimi Azərbaycan incəsənətini dünya səhnələrində, eləcə də beynəlxalq müsabiqələrdə dönə-dönə, uğrla təmsil edib və bu estafeti həm də işinin peşəkar pedaqoq kimi gənclərə ötürür. Musiqi mədəniyyətimizə verdiyi töhvələrinə görə Fərhad Bədəlbəyli SSRİ xalq artisti fəxri adına, Dövlət mükafatına və  prezident İlham Əliyev tərəfindən “İstiqlal ordeni“nə layiq görülüb.

Onun əsərlərində özünəməxsus yaradıcılıq xətti var. Təqdim etdiyi musiqi nümunələri sənətsevərlərə böyük zövq verir. Bu fikirləri Bakı Musiqi Akademiyasında yubiley tədbirində çıxış edən  Azərbaycan Təhsil Nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov bildirdi. Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Azərbaycanın əməkdar incəsənət xadimi Fərəh Əliyeva isə istedadlı pianoçunun sənətdəki misilsiz xidmətlərindən danışdı. Xalq Artisti, professor, bəstəkar Səyavuş Kərimi yubliyarı  təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladı. Tədbir Bakı Musiqi Akademiyasının tələbələrinin hazırladığı konsert proqramı ilə davam etdi.