Cəmiyyət

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar tədbirlər keçirilib

27-12-2017 | 09:14        

  

Görkəmli təbiətşünas-alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasında və Bakı Dövlət Universitetində elmi konfranslar keçirilib. Tədbirlərdə Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş alimin xidmətlərindən danışılıb.

Akademik Həsən Əliyevin coğrafiya və torpaqşünaslıq elmləri sahəsində apardığı araşdırmalar indi də aktualdır. Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli təbiətşünas alim, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar keçirilən respublika elmi konfransında səsləndi. Akademiyanın prezidenti Akif Əlizadə bildirdi ki, konfrans Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub. Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alimin xidmətlərindən bəhs edən Akif Əlizadə onun ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin yeni istiqamətlərinin müəyyənləşməsində böyük rolu olduğunu dedi. Diqqətə çatdırdı ki, akademik Həsən Əliyev zəngin elmi fəaliyyəti müddətində təbiətin mühafizəsinə dair kompleks proqram və layihələri uğurla həyata keçirib. Akademiyanın Coğrafiya institutunun direktoru Ramiz Məmmədov təbiətşünas-alimin həyat və fəaliyyətindən bəhs etdi. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov “Akademik Həsən Əliyev və Azərbaycanda təbiəti mühafizə” mövzusunda məruzə ilə çıxış etdi. Nazir cəmiyyətin ekoloji maarifləndirilməsi və ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində akademikin xidmətlərindən danışdı. Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov isə “Akademik Həsən Əliyev və UNESCO-nun “İnsan və biosfer” proqramının fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etdi. Ali təhsil ocağının rektoru Həsən Əliyevi novator alim və görkəmli pedaqoq kimi xarakterizə etdi. Konfransda digər məruzələr də dinlənildi. 

Bakı Dövlət Universitetində isə akademik Həsən Əliyevin anadan olmasının 110 illiyik yubileyinə həsr olunan “Ekologiya: təbiət və cəmiyyət problemləri” mövzusunda 3-cü Beynəlxalq elmi konfrans keçirildi. Universitetin rektoru Abel Məhərrəmov akademikin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələr həyata keçirdiyini  dedi. Onun sözlərinə görə, Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin danılmaq xidmətləri var. Alimin qoyduğu irsin, yaratdığı elmi məktəbin uğurla davam etdirildiyini bildirən rektor bildirdi ki,  bu günkü nəsil  ekoloji mühitin saflaşdırılması, gələcək nəsillərə daha yaxşı  vəziyyətdə çatdırılması üçün Həsən Əliyev ənənələrini davam etdirmək əzmindədirlər. “Elmi axtarışlarla keçən ömür” mövzusunda məruzə ilə çixiş edən Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasının müdiri Qərib Məmmədov görkəmli alimin təbiətşünaslıq elmində, eləcə də ətraf mühitin mühafizəsi sahəsində xidmətlərindən danışdı. Bildirdir ki, Həsən Əliyev bir sıra qurumlara rəhbərlik etdiyi müddətdə ciddi ictimai və pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, elmi potensialından da səmərəli istifadə edib, tədqiqatlarını uğurla həyata keçirib. Xatırlandı ki, Azərbaycanda ətraf mühiti mühafizəyə dair ilk kafedranın Bakı Dövlət Universitetində açılması ideyasını irəli sürən və təşəbbüskarlardan birincisi akademik Həsən Əliyev olub.