Cəmiyyət

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar respublika elmi konfransı keçirilib

26-12-2017 | 13:35        

  

Akademik Həsən Əliyevin coğrafiya və torpaqşünaslıq elmləri sahəsində apardığı araşdırmalar indi də aktualdır. Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli təbiətşünas alim, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar keçirilən respublika elmi konfransında səsləndi. Akademiyanın prezidenti Akif Əlizadə bildirdi ki, konfrans Prezident İlham Əliyevin “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub. Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələr vermiş görkəmli alimin xidmətlərindən bəhs edən Akif Əlizadə onun ölkəmizdə coğrafiya və torpaqşünaslıq elmlərinin yeni istiqamətlərinin müəyyənləşməsində böyük rolu olduğunu dedi. Diqqətə çatdırdı ki, akademik Həsən Əliyev zəngin elmi fəaliyyəti müddətində təbiətin mühafizəsinə dair kompleks proqram və layihələri uğurla həyata keçirib. Akademiyanın Coğrafiya institutunun direktoru Ramiz Məmmədov təbiətşünas-alimin həyat və fəaliyyətindən bəhs etdi. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov “Akademik Həsən Əliyev və Azərbaycanda təbiəti mühafizə” mövzusunda məruzə ilə çıxış etdi. Nazir cəmiyyətin ekoloji maarifləndirilməsi və ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində akademikin xidmətlərindən danışdı. Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov isə “Akademik Həsən Əliyev və UNESCO-nun “İnsan və biosfer” proqramının fəaliyyəti” mövzusunda məruzə ilə çıxış etdi. Ali təhsil ocağının rektoru Həsən Əliyevi novator alim və görkəmli pedaqoq kimi xarakterizə etdi. Konfransda digər məruzələr də dinlənildi.