Bölgələr

İsmayıllıda bayram hazırlıqları davam edir

26-12-2017 | 09:13        

  

İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinə hazırlıq görülür. Şəhər bəzədilir. Mədəniyyət və Turizm İdarəsinin mahnı və folklor kollektivləri şənliklərdə çıxış etməyə hazırlaşır.

Basqal, Lahıc və İvanovka… İsmayıllının əsas gəzməli bölgələri olan bu ərazilər haqqında geniş məlumatı da elə bayram köşklərindən əldə  etmək olar.  Yerli sakinlərlə yanaşı əcnəbi turistlərin də maraq göstərəcəyi bayram köşkləri rayonun mərkəzindədir. Köşklərin 2-də İsmayıllının  tarixinə aid materiallar və Tarix Diyarşünaslıq muzeyinin daşınan əşyaları nümayiş etdirilir. Qalan 5 köşkdə isə rayonun turizm potensialını göstərən materiallar, video və fotolar yer alıb. Kitabxana bölməsində isə İsmayıllıya həsr olunan kitablar və digər çap məhsulları turistlərə təqdim edilir. Bu köşklər sakinlər üçün eyni zamanda yaxşı ticarət imkanı da yaradır. Belə ki bayram bazarında onlar hazırladıqları əl işlərini satmaq imkanı əldə edəcəklər. Qonaqlara ləziz yeməklər təklif olunacaq. Təbii ki, Yeni il karnavalında uşaqlar üçün də xüsusi proqramlar nəzərdə tutulur.

Bir sözlə bayram günlərində geniş konsert proqramlarında iştirak etməklə bərabər İsmayıllının turizm potensialı, folkloru, adət-ənənələri və kulinariyası ilə də yaxından tanış ola biləcəksiniz. Zəngin mədəniyyətə, adət-ənənəyə malik İsmayıllının, İvanovka kəndini təmsil edən folklor ansamblının öz ifası ilə festivala ayrı bir rəng qatacağı isə şübhəsizdir. İsmaıllılar  hazırlıqlarını görürlər. Bizə isə bayram günlərində yolumuzu İsmayıllıdan salmaq qalır...