İqtisadiyyat

Gəncə Avtomobil Zavodunda istehsal edilən traktorlar xarici ölkələrə də ixrac ediləcək

26-12-2017 | 09:06        

  

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin 2018-illə bağlı böyük planı var. Zavod yeni ildən TATRA yük avtmobillərinin istehsalına, Belarus markalı traktorların isə Türkiyə və Gürcüstana ixracına başlayacaq. İstehsal müəssisəsi “MAZ” markalı avtomobillərin kütləvi istehsalını da davam etdirəcək. Gələn illə bağlı plan barədə Gəncə şəhər rəhbərliyi ilə zavodun kollektivinin görüşündə məlumat verilib.

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi 2017-ci ilin 11 ayı ərzində traktor qoşqusu, kotan, DEM ekskovatoru, MUP traktoru, MAZ markalı ağır tonnajli avtomobil, kommunal tullantıların daşınması üçün Haller markalı avtomobillər də daxil olmaqla ümumilikdə 8000-dən çox müxtəlif modellərdə traktorlar istehsal edib. Onların 7000-dən çoxu artıq Aqrolizinq Səhmdar Cəmiyyətinə təhvil verilib. Fəaliyyətini daha da genişləndirmək və ixrac potensialını artırmaq məqsədilə müəssisə  Gürcüstanda və  Türkiyə Respublikasında marketinq araşdırmalarına başlayıb. Ölkə xaricində  Azərbaycanda istehsal olunan traktorların satışını təmin etmək üçün Gəncə Avtomobil Zavodu ilə beynəlxalq şirkətlər arasında  müqavilələr imzalanıb.

Zavodun  fəaliyyəti təkcə  Gəncənin yox, həm də  respublikanın iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Burada istehsal edilən texnikalar ölkəmizi xarici bazarlarda da layiqincə təmsil edəcək. Bu sözləri  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dedi. Çıxışlarda Belarusla iqtisadi-mədəni əlaqələrin gələn il də davam etdiriləcəyi bildirildi.

2018-ci ildə nəzərdə tutulan layihələrin həyata keçirilməsi məqsədilə  Gəncə avtomobil zavodunda  30 min kvadratmetr sahəsi olan yeni istehsalat sahəsi yaradılır. Burada ən müasir avadanlıqla təchiz olunan texnoloji xətlər quraşdırılacaq. Yeni istehsal sahəsində “MAZ” markalı avtobusların yığılması nəzərdə tutulur. Tədbirin sonunda zavodun əməkdaşlarının bir qrupu mükafatlandırılıb.