Cəmiyyət

Dövlət qulluğuna qəbul imtahanları hər ay keçiriləcək

25-12-2017 | 13:38        

  

Dövlət qulluğuna qəbul imtahanları bundan sonra hər ay keçiriləcək. Dövlət İmtahan Mərkəzinin yenilənmiş saytının təqdimatında bu barədə məlumat verilib.

Bu il dövlət qulluğuna müsabiqə elan edilənədək 240 nəfər daxili müsabiqə vasitəsilə dövlət orqanlarında işə qəbul olunub. Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələr üzrə müsabiqəyə müxtəlif qurumlar tərəfindən 1461 vakant yer təqdim edilib. İnzibati rəhbər vəzifələr üzrə test imtahanında uğur qazanan 13 namizədə artıq sertifikatlar da təqdim olunub. Sertifikatlar qarşıdakı 5 il ərzində namizədlərə həmin təsnifata əsasən istədikləri vakansiyalara uyğun müsahibələrdə iştirak imkanı verir.

Dövlət qulluğuna qəbul, eləcə də digər imtahanlar barədə məlumatları daha əhatəli və rahat formada Dövlət İmtahan Mərkəzinin saytından əldə etmək mümkündür. Saytın yenilənmiş versiyasında dizayn dəyişikliyi aparılıb, strukturuna bölmələr əlavə olunub. İnformasiya təminatı ilə yanaşı, il ərzində 7 milyondan çox istifadəçiyə elektron xidmət göstərilməsi nəzərə alınaraq, “elektron xidmət” keçidləri ön səhifədə yerləşdirilib. Tədbirdə o da vurğulandı ki, bu il keçirilən qəbul imtahanlarında nümunəvi fəaliyyətinə görə, min nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 15 nəzarətçi-müəllimin, 5 imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub.