Bölgələr

Salyanda 5 kəndin 5400 sakininin içməli su ilə təminatı yaxşılaşdırılıb

25-12-2017 | 11:28        

  

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq  daha bir rayonda əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb. Bu məqsədlə Salyan rayonunun 5 min 400 sakini olan 5 kəndinə yeni su xətti çəkilib. Dövlət başısının sərəncamı isə 28 rayonunun 170 yaşayış məntəqəsini əhatə edir. Bu isə o deməkdir ki, 271 min sakin fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunub.

Salyanın  Qırxçıraq, Seyidsadıxlı, Quyçu, Alçalı və Qızılağac kəndlərini  keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə mənbə olaraq Şirvan-Muğan su kəməri seçilib. Artıq kəndlərə su xətləri də çəkilib.

Layihə çərçivəsində Salyan rayonunun ərazisində 11 kilometrdən artıq müxtəlif diametrli polietilen borularla xətlər çəkilib.  37 ədəd bulaq quraşdırılıb. Bununla da 5 kənddə 5400-dən artıq insanın təmiz, keyfiyyətli və bu gün Kür sutəmizləyici qurğularından Bakıya nəql olunan keyfiyyətli suya çıxışı təmin olunub.  

Yeni mənbədən verilən suyun necə keyfiyyəti olduğu yerli əhaliyə də nümayiş etdirilib. Belə ki, “Azərsu” ASC-nin Mərkəzi laboratoriyasının səyyar laboratoriyasında müvafiq analizlər aparılıb və nəticələr sakinlərə təqdim edilib.

Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Quyçu kəndində təşkil olunan mərasimdə Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov regionlarda həyata keçirilən sosial-infrastruktur layihələrin əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhər mərkəzi ilə yanaşı, ən ucqar kənd və qəsəbələrdə də içməli su layihələrinin reallaşdırıldığı bildirildi.

Ötən il Salyan şəhərinə Şirvan-Muğan qrup su kəmərindən içməli suyun verildiyini xatırladan “Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev hazırda şəhər şəbəkəsinin yenidən qurulduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq ümumilikdə respublikanın 28 rayonunun 170 yaşayış məntəqəsində icrası yekunlaşan layihələr nəticəsində  271 min nəfər keyfiyyətli içməli su ilə təmin olunub.