Cəmiyyət

AMEA-da “Həsən Əliyev-110: torpaqşünaslığın müasir problemləri” mövzusunda respublika elmi konfransı keçirilib

22-12-2017 | 16:32        

  

Milli Elmlər Akademiyasında görkəmli təbiətşünas və coğrafiyaçı-alim, akademik Həsən Əliyevin anadan olmasının 110  illiyinə həsr olunan elmi konfrans keçirilib.

“Torpaqşünaslığın müasir problemləri” mövzusundakı konfransın iştirakçıları əvvəlcə Fəxri Xiyabanda görkəmli alimin məzarını ziyarət edib, xatirəsinə ehtiramla andılar.

Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri Həsən Əliyevin rəhbərliyi ilə formalaşıb inkişaf edib. Akademik Həsən Əliyevin XX əsr Azərbaycan elminin korifeyləri ilə birgə əsasını qoydğu  elmi istiqamətlər bu gün olduqca aktualdır. Bu barədə Milli Elmlər Akademiyasının Bilogiya və Tibb Elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov məlumat verdi. Respublika Ağsaqqallar Şurasının sədri, Millət vəkili Fəttah Heydərov bildirdi ki, həm fədakar elm xadimi, həm də müdrik və nəcib insan olan Həsən Əliyev Azərbaycan xalqının yetişdirdiyi  nadir şəxsiyyətlərdəndir. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov  da alimin meşələrin su mənbələrinin qorunub-saxlanılması istiqamətindəki fəaliyyətindən danışdı.  Milli Elmlər Akademiyasının aqrar məsələlər üzrə müşaviri Qərib Məmmədov “Akademik Həsən Əliyevin elmi yaradıcılıq yolu” mövzusunda məruzə ilə çıxış etdi. Məlumat verdi ki, Həsən Əliyev  1953-cü ildə işıq üzü görən “Azərbaycanın torpaqları” monoqrafiyasının əsas müəliflərindən və məsul redaktorlarından biri idi. Onun çap etdirdiyi “Böyük Qafqazın şimal-şərq hissəsinin meşə və meşə bozqır torpaları” adlı monoqrafiyasında isə  torpaqəmələgəlmə şəraiti, torpaq ehtiyatalarından davamlı və səmərəli istifadə olunmasının elmi əsaları öz əksini tapıb.Tədbirdə Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev, Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev və digər çıxış edənlər də Vətənə və xalqa təmənnasız xidmətləri ilə Azərbaycan  tarixi və elmində  əbədi iz qoyan  şəxsiyyətlər sırasında akademik Həsən  Əliyevin böyük yeri olduğunu qeyd etdilər. Akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan respublika elmi konfransı sabah da davam edəcək.