Mədəniyyət

Fəxriyyə Xələfovanın geyim kolleksiyası Ermitaj Muzeyinin daimi kolleksiyasına daxil edilib

22-12-2017 | 16:19        

  

Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfovanın “Şərq Cazibəsi” kolleksiyasından olan geyimlər Sankt-Peterburq şəhərindəki dünya şöhrətli Ermitaj Muzeyinin daimi kolleksiyasında yer alıb. Dövlət Mədəniyyət və İncəsənət Universitetində  keçirilən görüşdə bu barədə məlumat verilib.

Ermitaj Muzeyi ilə imzalanan razılaşmaya əsasən tanınmış modelyer Fəxriyyə Xələfovanın bir neçə işi muzeyə hədiyyə verilib.  “Ermitaj Günləri” çərçivəsində geyimlər qalereyanın daimi kolleksiyasında sərgilənib. Nümayiş zamanı  azərbaycanlı modelyerin kolleksiyasından olan libaslar böyük marağa səbəb olub. Tamaşaçılar, xüsusən gənc moda həvəskarları geyimlərin milli ornament və naxışları, orijinal biçimi ilə yaxından tanış olublar.

Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil olunan görüşdə  məlumat verildi ki, “Ermitaj”ın Dostları Klubuna üzv seçilən Fəxriyyə Xələfova muzeydə açılacaq Moda Elm-Tədris Mərkəzində mühazirə və ustad dərsləri keçəcək. Bildirildi  ki, tələbələr həmin mərkəzdə müxtəlif geyim tərzləri, eləcə də məşhur  modelyerlərin dəst-xətləri ilə tanış olacaqlar.  

Görüşdə  beynəlxaq aləmdə ölkəmizi uğurla təmsil etdiyinə  və mədəniyyətlərarası dialoqun qurulmasına  verdiyi töhvələrə görə  Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova “Azərbaycanım” beynəlxalq jurnalı tərəfindən “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olundu.