Siyasət

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” yeni qanun layihəsi Milli Məclisdə qəbul olunmağa hazırdır

22-12-2017 | 13:09        

  

Yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi Milli Məclisdə qəbul olunmağa hazırdır. Sənəd sonuncu oxunuşda parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirə edilib. 

 

5 fəsil, 16 maddədən ibarət “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasında qəbul olunmağa tövsiyyə edildi.  Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov dedi ki, sənədin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı millət vəkillərinin verdiyi təkliflərin hamısına baxılıb və araşdırılıb. Silahlı Qüvvələr haqqında mövcud qanun 1991-ci il oktyabrın 9-da qəbul olunub. Ötən müddətdə ölkə və ordu həyatında çoxsaylı proseslər baş verib. Ötən ilin sentyabrında isə ölkədə referendum keçirilib ki, burada da silahlı qüvvələrin yeni statusu müəyyənləşib. Hərbi quruculuq sahəsində ilk sənədlərdən olan mövcud qanun Silahlı qüvvələr adlansa da, burada söhbət əsasən ordudan gedir. Yeni sənəd isə daha əhatəlidir, həcm və məzmununa görə fərqlidir. 

Silahlı Qüvvələrin təyinatı, idarə olunması və hərbi quruculuq məsələlərini tənzimləyəcək çərçivə qanunu “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa və mövcud qanunvericliyə uyğun hazırlanıb. Sənəd Azərbaycan ərazisinin bütövlüyü və severenliyinin qorunması, ərazi toxunulmazlığı və müdafiəsini özündə ehtiva edir.

 

İclasda qanunvericiliyin uyğunlaşdırılması məqsədilə “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna təklif olunan dəyişikliyə də baxıldı və məqbul sayıldı. Millət vəkilləri “Azərbaycan Silahlı Qüvvələri tağımlarının Türkiyə Silahlı Qüvvələrinin tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclsin qərarına təklfi olunan dəyişikləri də dəstəkləyərək sənədi parlamentin plenar iclasına tövsiyyə etdilər.