Siyasət

Bakıda keçirilən “İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq» adlı beynəlxalq konfrans başa çatıb

21-12-2017 | 16:32        

  

Azərbaycan “2017-ci ili İslam Həmrəyliyi İli” elan etməklə dünyaya sülh və əminamanlığın vacib olması mesajını verdi. “İslam Həmrəyliyi İli”-nin yekunu ilə bağlı Bakıda keçirilən  “İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq» adlı beynəlxalq konfransda  Azərbaycanın bu təşəbbüsü yüksək qiymətləndirlib.

İslam Həmrəyliyi 2017-ci illə məhdudlaşmamalı və növbəti illərdə də davam etməlidir. “İslam Həmrəyliyi İli”nin yekunu ilə bağlı  keçirilən beynəlxalq konfransda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dünyanın ekologi, münaqişə və digər problemlər yaşadığı bir vaxtda mədəniyyət və din xadimlərinin birgə müzakirələr aparmasına böyük ehtiyac olduğunu dedi.

Birləşmiş Ərəb Əmirliklərinin dini işlər üzrə müşaviri Əli Əbdürrəhman Al Haşim  dünyanın əksər ölkələrindən din xadimlərinin Bakıya yığışmasını böyük hadisə adlandırdı. Onun sözlərinə görə, dünya, xüsusilə də islam aləmi çətin dövr yaşayır. Ona görə də, insanlar arasında birliyə çox ehtiyac var. 

Səudiyyə Ərəbistanı Krallığının İslam İşləri, dəvət və irşad nazirinin I müavini Tofiq Al-Sudeyri qeyd etdi ki, islam ölkələri ən böyük mənbələrə sahibdir. O ölkəsnin  daim açıq şəkildə öz mövqeyini ortaya qoyaraq terrorizmə, fərqli qruplaşmalara qarşı mübarizə apardığnı diqqətə çatdırdı. Tofiq Al-Sudeyriyə görə, dünyada baş verən mövcud vəziyyət belə davam edə bilməz. O  ölkəsinin hər zaman Fəlsətinin yanında olduğunu və ABŞ prezidentinin Qüdsün İsrailin paytaxtı elan etməsi fikrinə etiraz etdiklərini bildirdi. 

Livanın 77-ci Antakiya Patriarxı Mar Behar Boutrus Rai isə vurğuladı ki, insanların təhsilsizliyindən, kasıblığından istifadə edərək onları  bəzi qüvvələr təhlükəyə atır və radikallaşmaya cəlb edir.  O bildirdi ki, ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarı da BMT-nin qətnamələrinə ziddir: "Danılmazdır ki, bu qərar yeni savaşlara səbəb olacaq”

“Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyir və bu səbəbdən Ermənistanı dövlət kimi tanımaqdan imtina edib”. –bu fikirlər isə Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidariyə məxsusdur. Onun sözlərinə görə, Ermənistan BMT-nin Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmaqla bağlı qərarını icra etməyənədək Pakistan öz fikrində qalacaq, çünki Azərbaycanla qardaşlıq münasibətlərinə xüsusi önəm verir.  İnsanlar arasındakı əməkdaşlıq və həmrəyliyin  "Qurani-Kərim"də də öz əksini tapdığını qeyd edıən Pakistan Senatının sədr müavini bütün insanların həmrəy olmasının əsas şərt olduöunu vurğuladı. 

Dünyanın 40 ölkəsindən gələn dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri  də dinlərarası, sivilizasiyalararası dialoqa, multikulturalizm və tolerantlıq ənənələrinə xüsusi əhəmiyyət verən Azərbaycan dövlətinin rolunu yüksək qiymətləndirdilər.

Əbdüləziz əl-Tüveycri - İSESCO-nun baş direktoru:

- Prezident İlham Əliyevin səriştəli idarəiçiliyi ilə bu gün Azərbaycan dünyada söz sahibinə çevirilib. Bu ölkə dinlər və mədəniyyətlər arasında dialoq üçün platforma, forum, sülhün tərəfdarıdır və dünyada sülhün təmin olunması üçün çalışır. Öz çıxış və təşəbbüslərində Prezident İlham Əliyev hər zaman qeyd edib ki, bu ölkə şərqlə qərbi bir araya gətirən ölkə və dünyanın digər ölkələrinə yaxşı nümunədir. Burada müxtəlif etnik qruplar, din və təriqətlərin nümayəndələri sülh və əmin-amanlıq içərisində yaşayır. Bu, unikal haldır. Dünyanın bir çox yerlərində münaqişələr, irqi və dini zəmində münaqişələr var. Bu konfransın çox əhəmiyyətilidir. Biz İSESCO olaraq bununla fəxr edirik.

Ryushin Azuma - Yaponiyanın Tokozan Daijoji məbədinin baş rahibi:

- İlk dəfədir Azərbaycana səfər edirik. Bütpərəst və müsəlmanların konfransda birgə iştirakı təqdirəlayiqdir. Fikrimizcə, müxtəlif dinlərin nümayəndələri bir-birilə əlaqələr quraraq dünyada sülhü bərqərar edə bilərlər.

Joshy Chungath - Hindistanın “Art of living” beynəlxalq qeyri-hökumət təşkilatının təsisçisi Şri Şri Ravi Şankaranın nümayəndəsi:

- Mən, Azərbaycan Prezidenti və hökumətinin müxtəlifliyi müzakirə etmək üçün bir araya gəlməyə imkan verən təşəbbüsünü yüksək qiymətləndirirəm. Bu, hazırkı dövrdə çox mühümdür. Xalqınız çox qonaqpərvərdir. Siz burada bütün dinlərin nümayəndələrini qəbul edirsiniz. Bir çox başqa ölkələr Azərbaycandan nümunə götürməlidirlər.

Emmanuel Adamakis - Fransanın mitropoliti, Konstantinopol Ekümenik Patriarxlığının ekzarxı:

- Əlbəttə ki, bu tədbir dialoqa, qarşılıqlı anlaşmaya və həmrəyliyə öz töhfəsini verir. Bu, təkcə müsəlmanlar üçün deyil, xristianlar və müsəlmanlar arasında əlaqələr baxımından da böyük əhəmiyyət kəsb edən zamanında keçirilmiş bir konfransdır. Biz bu əhəmiyyətli konfransı tam dəstəkləyirik və burada iştirakımızla fəxr edirik.

Molana Abdul Ghafoor Haidri - Pakistan Senatının sədr müavini:

İlk növbədə mən, Prezident İlham Əliyevə dinlər və mədəniyyətlərarası dialoq konfransında müxtəlif dinlərin nümayəndələrini bir araya gətirdiyinə görə təşəkkürümü bildirmək istərdim. Düşünürəm ki, bu konfransın bütün dünya müsəlmanları arasında həmrəyliyə əhəmiyyətli təsiri olacaq.

İsmail Berdiev - Qaraçay-Çərkəz Respublikasının müftisi:

Bu forum olduqca böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi həmrəylik çox mühüm əhəmiyyətə malikdir. Sizin Prezidentiniz çox müdrik insandır. Onun düşüncələri genişmiqyaslıdır. Biz bu fikirləri alqışlayaırıq. 

Malkolm Honlayn - Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru:

Prezident İlham Əliyevin təşəbbüsü başqa ölkələrin liderləri üçün nümunədir. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının sülh və firavanlıq şəraitində yaşaması üçün hər cür şərait yaradılıb. Biz sülh naminə birgə çalışmalıyıq.

Mark Şnayer - ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin:

Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqda liderlik edən bir ölkə kimi tanıyıram. Prezident İlham Əliyev İslam həmrəyliyinə böyük dəstək göstərir. Bu konfrans da müxtəlif xalqların və millətlərin bir-birinə daha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Biz cənab prezidentlə ölkələr arasında münasibtələrin möhkəmləndirilməsi, regional problemlərin həlli məsələləri müzakirə etdik.

Sonda Beynəlxalq Konfrans iştirakçıları dövlət başçılarına, beynəlxalq təşkilatlara və dini liderlərə Müraciət qəbul etdilər. Müraciətdə Konfrans iştirakçılarının son zamanlar Qüds ətrafında cərəyan edən hadisələrlə bağlı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə dair mövqeyi öz əksini tapır.