Cəmiyyət

İlk dəfə olaraq ölkəmizdə keçirilən İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

21-12-2017 | 16:07        

  

Azərbaycanda ilk İnnovasiya Müsabiqəsi başa çatıb. İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyinin təşkil etdiyi müsabiqə innovasiyalar sahəsində fəaliyyətin davamlılığının təmin edilməsi, ideya və layihələrin toplanılması, qiymətləndirilməsi məqsədilə keçirilib.

İnnovasiya Müsabiqəsi ölkəmizdə bu formatda keçirilən ilk tədbirdir. Müsabiqəyə İqtisadiyyat Nazirliyi və “ASAN xidmət”in “İdeya Bankı” vasitəsilə iqtisadi, sosial və ekoloji sahələri əhatə edən 200-dən artıq layihə təqdim olunub. İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, müsabiqə İnnovasiyalara marağı daha da artırmaq məqsədilə keçirilib və növbəti illərdə də davam etdiriləcək. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai innovasiyaların rolu, innovativ sahələrə investisiya qoyuluşlarının təşviqi, elmi nailiyyətlərin və yeniliklərin müxtəlif sahələrdə tətbiqi imkanları, həmçinin milli innovasiya sisteminin təkmilləşdirilməsi barədə danışdı. 

Qulam İshaqzai - BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi:

İnanıram ki, bizim birgə həyata keçirdiyimiz  bu layihə dayanıqlı inkişaf hədəflərinə nail olmağımıza öz töhfəsini verəcək. Belə layihələr gənclərin ixtiralara, yaradıcılığa həvəsləndirir. Dövlətlə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə yeni imkanlar yaradır.

Sonra İnnovasiya Müsabiqəsi çərçivəsində görülmüş işlərə, müsabiqənin məqsəd və əhəmiyyətinə dair video çarx nümayiş olundu. Qalib elan edilmiş innovativ layihələrin, habelə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində mükafata layiq görülmüş “Rainergy” layihəsinin müəllifi Reyhan Camalova və Zəhra Qasımovanın birgə təqdimatı keçirildi. Sonra İnnovasiya Müsabiqəsində qalib elan edilən ilk üç layihənin, eləcə də böyük marağa səbəb olan və həvəsləndirici mükafata layiq görülən layihələrin müəlliflərinə diplom və mükafatlar təqdim olundu.

Tədbirdə İnnovasiya Müsabiqəsinin hər il təşkilinə dair birgə tədbirlərin əlaqələndirilməsi üçün İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Milli Elmlər Akademiyası arasında Anlaşma Memorandumu da imzalandı.