İqtisadiyyat

Regionlarda məhsuldarlıq artır

21-12-2017 | 16:00        

  

Ölkəmizdə yığılan pambıq 210 min tona yaxınlaşır. Yığım hələ davam edir. Pambıqçılarla yanaşı taxılçılar da sahələrdədirlər. Şünki gələn ilin məhsulu üçün taxıl səpini yekunlaşır. Bu il taxıl sahələri ötən ilkindən təxminən 8 faiz artırılıb. Soyanın yığımı ilə də bağlı xəbərimiz var. 

Dekabrın 20-də ölkə üzrə 385 ton pambıq yığılıb. Bu fakt da hələ sahələrdə məhsul qaldığını, pambıqçıların da yığımı son qozasına qədər davam etdirmək əzmində olduqlarını göstərir. İndiyə qədər isə pambıq qəbulu məntəqələrinə 204 min 520 ton məhsul təhvil verilib. Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar 25 min 668 ton pambıq təhvil veriblər. Ümumilikdə isə 10 min tondan çox pambıq tədarük edən rayonların sırasına Biləsuvar, Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan və İmişli rayonlarının pambıqçıları daxildir.

Pambıq yığımı ilə bərabər 2018-ci ilin məhsulu üçün payızlıq bitkilərin səpini də başa çatmaq üzrədir. İndiyədək 879 min 40 hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, səpilən sahələrin 584132 hektarı buğda, 280383 hektarı arpa, 78 hektarı isə çovdardır. Ən çox buğda ölkəmizin əsas taxılçılıq rayonlarından olan Cəlilabadda və Şəkidə səpilib. Cəlilabadda buğda əkilən sahələr 52 min 100, Şəkidə isə 42 min 465 hektardır. Şamaxıda 29 min 365, Füzulidə 25 min 964, Hacıqabulda 22 min 425, İsmayıllıda 20 min 768, Qobustanda 19 min 564 hektarda buğda əkilib. Arpa səpilən sahələrin isə 31 min 438 hektarı Neftçalanın, 20 min 785 hektarı Şəkinin, 25 min 658 hektarı Kürdəmirin, 13 min 334 Ağsunun payına düşür. Biləsuvar, Hacıqabul və Qobustan rayonlarının hər birindən təxminən 10 min hektarda arpa səpilib. Ötən illə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 7,9 faiz artıb. Bu artım buğda sahələri üzrə 11,5, arpa üzrə 1,3 faizdir.

Dənli bitkilərdən olan soya ilə bağlı da xəbərimz var. Bu bitki Samuxda ilk dəfə becərilib. 490 hektar soya sahəsinə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilib və yüksək məhsuldarlığa nail olunub. Nəticədə sahələrdən 667 ton məhsul yığılıb. Hazırda soya məhsulları üzrə idxaldan asılı olan ölkəmizdə bu sahəni daha da inkişaf etdirmək üçün rayonda təcrübə-təsərrüfat məqsədilə müəyyən tədbirlər həyata keçirilir.