Cəmiyyət

Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” V Azərbaycan – Rusiya Gənclər Forumu keçirilir

21-12-2017 | 15:55        

  

Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” mövzusunda 5-ci Azərbaycan-Rusiya Gənclər Forumu işinə başlayıb. Forumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva iştirak edib.

Gənclər Forumu Azərbaycan və Rusiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlandı. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə danışan Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, ölkəmizdə gənclərin inkişafını dəstəkləmək, sağlamlığını qorumaq, onların təhsili və asudə vaxtlarının səmərəliliyini təmin etmək istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyev gənclərə hər zaman diqqət göstərir, onların problemlərinin həllinə xüsusi fikir verir. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramlarının uğurla həyata keçirildiyini xatırladan nazir vurğuladı ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı daim stimullaşdırılır. Prezidentin  imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Azərbaycan və Rusiya arasında tarixi dostluq əlaqələrini qeyd edən nazir bildirdi ki, ölkələrimizin münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Dövlət başçıları arasında mütəmadi keçirilən görüşlər strateji tərəfdaşlıq səviyyəsinə yüksələn və həyatımızın bütün sahələrini əhatə edən ikitərəfli münasibətlərin inkişafına yeni təkan verir. Gənclər forumu da bu baxımdan əhəmiyyətlidir. 

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirdi ki, ölkədə bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün hər cür şərait yaradılıb. Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Oleq Muraşov isə qeyd etdi ki, gənclərlə iş həm Azərbaycanda, həm də Rusiyada prioritetdir. Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır. Azərbaycanda isə rus dilinə böyük sevgi var.

“Rusiya Gənclər və Uşaqlar Bİrliyi”nin sədri Qriqori Petruşkov  isə vurğuladı ki, zəngin adət- ənənələrə, ümumi dəyərlərə malik hər iki xalqı təmsil edən gənclərin bu dəyərləri bölüşmək üçün mütamadi olaraq  görüşməsi vacibdir.

Rusiya və Azərbaycan polietnik, çoxkonfessiyalı ölkələrdir. Azərbaycanda həmişə multikultural dəyərlərə xüsusi önəm verilib. Bunu isə Milli Məclisin üzvü Mixail Zabelin dedi. Mİllət vəkili əlavə etdi ki, Azərbaycan Rusiya üçün dost ölkədir və mühüm layihələrdən olan Gənclər Forumu  bu dostluğa xidmət edir.

Prezident yanında Azərbaycan Gənclər Fondunun icraçı direktoru  Fərhad Hacıyev bildirdi ki, Azərbaycanda çox saylı rus dilli internet resursları və saytları fəaliyyət göstərir. Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov da Rusiya və Azərbaycan gəncləri arasında diskusiyalara əsaslanan bu tipli görüşlərin əhəmiyyətini vurğuladı. Forum dekabrın 23-dək müxtəlif mövzular üzrə davam edəcək.