Rəsmi xronika

Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilir

21-12-2017 | 14:37        

  

Dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi İli-2017: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.

2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs bütün islam dünyasına ünvanlanmış bir mesaj idi. Dövlət başçısı bu addımı ilə islam aləmini müxtəlif aktual məsələlərə dair həmrəyliyə, qarşılıqlı anlaşmaya nail olmağa və vahid mövqedən çıxış etməyə çağırdı. Bu təşəbbüs Azərbaycanın müsəlman ölkələri ilə dünyanın digər ölkələri arasında əlaqələri və əməkdaşlığı möhkəmlətmək istəyini əks etdirirdi. Bu, həm də ölkəmizin gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərirdi. Prezident İlham Əliyev hər zaman vurğulayır ki, bu gün islam dünyasının birliyə və həmrəyliyə daha çox ehtiyacı var. Ona görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması İslamın həm də sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərmək məqsədi daşıyırdı. Ona görə də Bakıda “İslam Həmrəyliyi İli-2017: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans bütün İslam dünyasının birlik və həmrəylik rəmzinə çevrilib. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan, 40-a yaxın ölkədən tanınmış dövlət, din və elm xadimlərinin, 8 beynəlxalq təşkilatın rəhbərlərinin və təmsilçilərinin, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələrinin, dini konfessiya rəhbərlərinin, hökumət, ictimaiyyət və parlament üzvlərinin, diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi bu beynəlxalq konfrans öz əhəmiyyətinə görə xüsusi diqqət çəkir. “İslam Həmrəyliyi İli-2017: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans müqəddəs “Qurani Kərim”dən ayənin onunması ilə başladı.

Konfransda çıxış edən Prezident İlham Əliyev 2017-ci ilin ölkəmizdə islam həmrəyliyi ili elan edildiyini və il ərzində bir çox beynəlxalq tədbirlərin keçirildiyini bildirdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan islam həmrəyliyinə böyük töhfə verir və bu məsələ ölkəmiz üçün prioritetdir. Xalqımızın əsrlərdir öz milli-mənəvi dəyərlərini qoruyub yaşatdığını, islam dəyərlərinin də bunun tərkib hissəsi olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə dini sahədə hökm sürən əmin-amanlığın Azərbaycanı gücləndirdiyini vurğuladı. “Biz fəxr edirik ki, müsəlman dünyasının ən qədim məscidlərindən biri ölkəmizdə yerləşən və bir neçə il bundan əvvəl bərpa edilən Şamaxı Cümə məscididir” deyən dövlət başçısı çıxışında onu da qeyd etdi ki, Azərbaycan  beynəlxalq aləmdə müsəlman ölkələri ilə çox yaxın münasibətlər qurub, ikitərəfli və çoxtərəfli qaydada, həmçinin beynəlxalq təşkilatlar  çərçivəsində münasibətlər möhkəmlənib. İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr güclənib, keçən il təşkilatın zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli qətnamə qəbul edilib və kontakt qrupu yaradılıb. Ölkəmizin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası fəaliyyətə başlayıb. Bundan əlavə, İSESKO-nun üzvü olan Azərbaycan təşkilat çərçivəsində uğurlu fəaliyyəti ilə seçilib, bir neçə il əvvəl Bakı İSESKO tərəfindən islam mədəniyyətinin paytaxtı elan edilib, gələn il isə bu missiyanı qədim Naxçıvan şəhəri daşıyacaq. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bütün müsəlman aləmində birliyin, həmrəyliyin təmin olunmasına çalışır və bu istiqamətdə önəmli addımlar atır. “İslam həmrəliyi bizim üçün sadəcə şüar deyil, əsas istiqamətlərdən biridir və bunu gördüyümüz işlər də təsdiq edir” deyən dövlət başçısı Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını və bunun bizim böyük sərvətimiz olduğunu vurğuladı. Dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı ölkəmizdə böyük tədbirlərin keçirildiyini, ölkəmizin sivilizasiyalar arasında dialoqda həmişə müsbət rol oynadığını, Azərbaycanda dini, milli zəmində heç bir problemin olmadığını diqqətə çatdırdı. Prezident İlham Əliyev dünyada mədəniyyətlərarası dialoqun gücləndirilməsinin vacibliyini, dəfələrlə Bakıdan məsələ ilə bağlı yüksək çağırışların edildiyini xatırlatdı, 2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan edildiyini, multikulturalizmin Azərbaycanın dövlət siyasəti, eyni zamanda, həyat tərzi olduğunu vurğuladı. Dövlət başçısı bu il Bakıda IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini, oyunlarda 50-dən çox ölkədən 3 mindən çox idmançının, minlərlə qonağın iştirak etdiyini və bu idman yarışının eyni zamanda, dostluq və qardaşlıq bayramına çevrildiyini bildirdi. Bundan əvvəl Bakının tarixdə ilk dəfə olaraq birinci Avropa Oyunlarına ev sahiblliyi etdiyini deyən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bu iki hadisə Azərbaycanın həm Avropa, həm də İslam aləmi ilə münasibətlərini göstərir. Bununla yanaşı, ölkəmizin sivilizasiyalar və mədəniyyətlərarası dialoqda oynadığı önəmli rolu nümayiş etdirir. Prezident İlham Əliyev çıxışında müstəqilliyin ilk illərində ölkəmizin üzləşdiyi çətinliklərdən danışdı, yalnız ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycanın inkişaf dövrünə qədəm qoyduğunu bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan dövlət başçısı bu münaqişənin yalnız beynəlxalq hüquq, norma və psinsipləri, BMT TŞ-nın qəbul etdiyi qətnamələr əsasında, Azərbaycanın ərazi bötövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğuladı. Ölkəmizin siyasi, iqtisadi, sosial sahədə qazandığı uğurlarından danışan Prezident İlham Əliyev Azərbaycanın gələcək inkişafı ilə bağlı cəmiyyətdə nikbin fikirlərin olduğunu bildirdi, reallaşdırılan nəhəng layihələrin ölkəmizin uzunmüddətli, dayanıqlı və  uğurlu inkişafını dəstəklədiyini, Azərbaycanın önəmli nəqliyyat mərkəzinə çevrildiyini vurğuladı. Dinlərarası, mədəniyyətlərarası dailoqun aparılmasında, islam həmrəyliyinin əldə olunmasında Azərbaycanın öz rolunu davam etdirəcəyini deyən dövlət başçısı çıxışının sonunda konfransın işinə uğurlar arzuladı.

İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi İran prezidenti Həsən Ruhaninin konfrans iştirakçılarına müraciətini səsləndirdi. Müraciətdə 2017-ci ildə Azərbaycanın islam həmrəyliyi istiqamətində gördüyü böyük işlər vurğulanır, Bakıda baş tutan 4-cü islam həmrəyliyi oyunlarının əhəmiyyəti qeyd edilir.

Türkiyə Dəyanət İşləri rəhbəri, Türkiyə prezidentinin xüsusi nümayəndəsi Əli Erbaş isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini tədbir iştirakçılarına çatdırdı. Müraciətdə konfransın işinin müsbət nəticələr verəcəyinə əminlik bildirilir, dünyada münaqişələrin, zorakılığın artdığı bir dövrə təsadüf edən bu konfransın əhəmiyyəti qeyd edilir, 2017-ci ili islam həmrəyliyi ili elan etdiyinə görə Prezident ilham Əliyevə minnətdarlıq ifadə olunur.

Özbəkistanın dövlət müşaviri və prezidentin xüsusi nümayəndəsi Rüstəm Kamilov  Prezident Şavkat Mirziyoyevin müraciətini səsləndirdi. Müraciətdə Azərbaycanın irəli sürdüyü bu təşəbbüs dəstəklənir və bu konfransda təmsil olunmağın Özbəkistan üçün böyük şərəf olduğu vurğulanır.

Vatikanın xüsusi nümayəndəsi Xaled Akaşeh çatdırdığı Papa Fransiskin müraciətində isə dinlərarası dialoqun önəmi vurğulanır, ədaləti təşviq etmək üçün sülhün əhəmiyyəti qeyd edilir.

Fransa Mitropoliti və Eküminik patrxiarxlığın ekzarxı Emmanuel Adamkis səsləndirdiyi Konstantinopol Patriarxı birinci Varfolomeyin müraciətində bu mühüm təşəbbüsə verdiyi dəstəyə görə Azərbasycan Prezidenti İlham Əliyevə xüsusi minnətdarlıq bildirilir, konfransın sülhün təşviqinə töhfə olduğu vurğulanır.

Moskva və bütün Rusiya patriarxı Kirilin müraciətini Novqorod və Starorusun mitropoliti, patriarx Kirilin xüsusi nümayəndəsi Lev oxudu. Müraciətdə son illərdə Azərbaycanın Qafqazda dinlər və mədəniyyətlərarası dialoqun mərkəzi kimi özünü təsdiq etdiyi qeyd edilir, bu sahədə Azərbaycan dövlətinin xidmətləri vurğulanır.

Bütün Gürcüstanın katalikos-Patriarxı ikinci İlyanın müraciətini Axaltsiki və Tao-Klarcet Mitropoloti, Katalikos-Patriarx 2-ci İlyanın Vikarisi və xüsusi nümaynədəsi Teodor oxudu. Müraciətdə bildirilir ki, bu görüş dünyada sülh və sabitliyi təmin edən tədbirlərdən biridir.

Konfransda çıxış edən İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl- Tüveycri bu tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi, islam aləmindəki həmrəliyin gücləndirilməsində Azərbaycanın dövlət başçısının səylərini vurğuladı. İSESKO-nun baş direktoru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının vacibliyini bildrdi.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tarix boyu Azərbaycandakı dini mühitin dostluq və qardaşlığa əsaslandığını dedi. Azərbaycan Prezidentinin İslam həmrəyli ili ilə bağlı çağırışının bəşəri dəyərlərə xidmət etdiyini bildirdi. Şeyxülislam Allahşükür Paşazadə islam həmrəliyi ili ilə bağlı il ərzində müxtəlif ölkələrdə bir sıra tədbirlərin keçirildiyini və bunların böyük maraqla qarşılandığını diqqətə çatdırdı. Sonda konfrans iştirakçıları birgə foto çəkdirdilər.