Cəmiyyət

Böyük Britaniyanın “Qlobal Çağırışların Araşdırması Fondu”nun Qrant layihəsinə ADA Universiteti də qoşulacaq

21-12-2017 | 13:48        

  

ADA universiteti Böyük Britaniyanın “Qlobal Çağırışların Araşdırması Fondu” tərəfindən təsis olunan və 2017-2021-ci illəri əhatə edəcək Qrant layihəsində iştirak edəcək. Qrant layihəsi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrini araşdırmaq və akademik münasibətləri daha da dərinləşdirmək məqsədi daşıyır. Dəyəri 4 milyon funt sterlinq təşkil edən qrant Böyük Britaniyanın nüfuzlu 2 ali təhsil ocağı - Kent və Kembric Universitetləri tərəfindən qazanılıb. Layihə Azərbaycanla yanaşı 4 ölkəni əhatə edəcək. Elmi araşdırmalar üçün hər bir ölkədən tərəfdaş ali təhsil ocağı seçilir. Layihədə Azərbaycanı ADA Universiteti təmsil edəcək. Kembric Universitetinin professoru Siddharth Montu Saksena deyir ki, bu gün Azərbaycan dünyanın ən nüfuzlu və iqtisadi inkişafı baxımından vacib bir ölkəsidir. Burada ən başlıca məqam isə həyata keçirilən irimiqyaslı layihələrdir. Azərbaycanın təkcə paytaxtı deyil həm də regionları ilə inkişaf edir.

Siddharth Montu Saksena – Kembric Universitetinin Professoru:

- Mən təkcə Bakını deyil, bütün Azərbaycanı nəzərdə tuturam. Regionlardan Lənkəranda, Şəkidə olmuşam. Məhz bu baxımdan, Azərbaycanın regionlarının da davamlı inkişaf etdiyini bilirəm. Azərbaycanın mətbəxi də çox gözəldir. Şəkidə yediyim pitini hələ də xatırlayıram. Ölkənizə son səfərim Bakıda keçirilən “Beynəlxalq Humanitar Forumu” ilə bağlı idi. Burada mən dünyanın demək olar ki, bütün dövlətlərindən yüksək rütbəli qonaqlarının, elm adamlarının, ictimai xadimlərin iştirakının şahidi oldum. Bu özü onu göstərir ki, artıq Azərbaycan beynəlxalq arenada layiqli yerini tutub, yüksək səviyyəli tədbirlərə ev sahibliyi edir və bu tədbirlər dünyanın diqqət mərkəzində olur.

“Britaniya Tədqiqat Şurası” tərəfindən təqdim olunan qrant layihəsi çərçivəsində Azərbaycan üzrə tədqiqat proqramının iştirakçısı olan tələbələrdən biri Jakob Csabay 1 il ölkəmizdə yaşadığını və ADA universitetində təhsil aldığını bildirdi.

Jacob Csabay – Kembric Universitetinin tələbəsi:

- Mən həmin proqram çərçivəsində təhsililimi Bakıda, ADA Universitetində almışam. Azərbaycanla ilk tanışlığım buradan başladı.Sizin ölkənizdə yaşadığım bir il ərzində əldə etdiyim təcrübə, öyrəndiyim biliklər və gəzib-gördüklərim məndə silinməz iz buraxıb. Xüsusilə ADA Universitetində qazandığım bilikləri qeyd etmək istəyirəm. Mən boş vaxtlarımda Azərbaycanı gəzməyə, digər rayon və şəhərlərə getməyə çalışırdım. Yadımdadır biz Novruz bayramını Lənkəranda keçirtdik. Bakıdan Lənkərana qatarla getmişdik. Bizim qrupda yerli tələbələrlə yanaşı xaricilər də var idi. Onlarla birlikdə, Azərbaycanın cənubunda Novruz bayramını keçirtmək çox xoş idi.