İqtisadiyyat

İsveçrədə Bakının “Expo-2025“ə ev sahibliyi etməyə namizədliyinin irəli sürülməsi ilə əlaqədar mərasim keçirilib

21-12-2017 | 12:28        

  

Azərbaycanın inkişafı, paytaxtın müasir infrastrukturu, ölkənin füsünkar təbiəti və tarixi, insanların qonaqpərvərliyi sayəsində Bakı “Ekspo-2025” üçün namizədlik yarışında güclü mövqeyə sahib olacaq. Bu fikirlər İsveçrənin Bern şəhərində 2025-ci ildə Ekspo Ümumdünya Sərgisinə Bakının ev sahibi kimi  namizədliyinin irəli sürülməsi ilə əlaqədar keçirilən təqdimat mərasimində səsləndirilib. İsveçrə-MDB birgə Ticarət Palatasının icraçı direktoru Dorit Sallis Azərbaycanın böyük resurslara malik gözəl ölkə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və yerli məhsulların dünya bazarına çıxarılmasında böyük potensial mövcuddur.

Dorit Sallis - İsveçrə-MDB birgə Ticarət Palatasının icraçı direktoru:

- Azərbaycanı özümə yaxın ölkə hesab edirəm. Dəfələrlə ölkənizdə olmuşam. Azərbaycan müasir innovasiyalar və informasiya texnologiyalarının inkişafına ciddi maraq göstərir. Hesab edirəm ki, peşəkar insanlar sayəsində Azərbaycan güclü dövlətə çevrilib. Ölkənin inkişafı, Bakıdakı infrastruktur, füsunkar təbiət və qədim tarix, insanların qonaqpərvərliyi Azərbaycan və Bakını „EXPO-2025“ üçün namizədlik yarışında güclü mövqeyə çıxaracaq.

İsveçrənin mərkəzi və yerli qurumlarının rəhbər şəxsləri, işgüzar dairələri, ictimaiyyətin nümayəndələri və bu ölkədə akkreditə olunan diplomatik korpus təmsilçilərin də iştirak etdiyi mərasimdə Azərbaycanın İsveçrədəkı səfiri Xanım İbrahimova ölkəmizin müstəqillik dövründə keçdiyi inkişaf yolundan, son dövrlərdə əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar, Strateji Yol xəritələrinin reallaşdırılması vasitəsilə iqtisadiyyatın şaxələndirilməsinə nail olunub. Ölkəmizin Beynəlxalq aləmdə artan nüfuzundan, Bakıda keçirilən çoxsaylı mühüm beynəlxalq tədbirlərdən də söhbət açılıb. Diplomat Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi ilə ölkəmizin çoxsaylı humanitar layihə və tədbirlərin də ev sahibinə çevrildiyini diqqətə çatdırıb. Əsası 2008-ci ildə qoyulan mədəniyyətlərarası dialoq üzrə “Bakı prosesi” ilə Azərbaycanın dünyada mədəniyyətlər və dinlərarası dialoqa mühüm töhfə verdiyi bildirilib. 

Herbert Vinter - İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti:

- Mən keçən il Azərbaycan hökumətinin dəvəti ilə Bakıda olarkən bu şəhəri çox bəyəndəm. Çox açıq bir cəmiyyət, açıq bir dünya ilə qarşılaşdım. Arzu edərdim ki, dünyanın hər yeri bu cür olsun. Azərbaycan „EXPO-2025“ sərgisinə ev sahibliyi üçün ən uyğun məkandır. Ümid edirəm ki, Bakı seçim mərhələsində qalib gələcək.

Tobias Somandin – “Germania“ aviaşirkətinin icraçi meneceri:

Azərbaycanın şansları yüksəkdir. Ölkənizin İsveçrədəki səfirliyinin dəvəti ilə ötən il  Azərbaycanda oldum. Səfərdən zəngin təəsüratla ayrıldım. Qısa müddətdə yalnız Bakıda olsaq da, gördüklərimizdən məmnun qaldıq.

Tədbir çərçivəsində „EXPO-2025“ sərgisinə ev sahibliyi etməyə namizəd olan Bakı şəhəri haqqında videoçarx nümayiş etdirildi.