Xarici xəbərlər

Beynəlxalq Valyuta Fondu Böyük Britaniyanın iqtisadi artım proqnozunu aşağı salıb

21-12-2017 | 12:10        

  

Beynəlxalq Valyuta Fondu Böyük Britaniyanın iqtisadi artım proqnozunu aşağı salıb. Qurum bunu ölkənin Avropa İttifaqından çıxması şərtləri ilə bağlı qeyri-müəyyənliklə əlaqələndirib. Fond bu il üçün iqtisadi artım proqnozunu 1,7%-dən 1,6%-ə endirib. Gələn il artımın 1,5% təşkil edəcəyi gözlənilir. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard bildirib ki, ittifaqdan çıxmaq qərarı nəticəsində Britaniya iqtisadiyyatı itkilərlə üzləşib. Onun sözlərinə görə bu, bir sıra faktordan – yüksək inflyasiya səviyyəsinin əməkhaqları və gəlirlərə təsiri, o cümlədən şirkətlərin investisiya planlarını təxirə salmasından asılıdır. Britaniyanın maliyyə naziri Filip Hemmond ölkənin dövlət borcunun yüksək olması ilə bağlı Fondun narahatlığını paylaşdığını bildirib. Bununla belə, nazir bəyan edib ki, Avropa İttifaqı ilə gələcək əlaqələrin şərtlərinin müəyyən olunmasında irəliləyişə tez bir zamanda nail olunsa, bu həm Britaniya, həm də Avropa İttifaqına üzv 27 ölkədə iqtisadi artımı sürətləndirə bilər. Bu arada, baş nazir Tereza Mey “Breksit” prosesinin qısa müddətə təxirə salına biləcəyini bəyan edib. Parlamentdə çıxışı zamanı hökumət başçısı bu addımı yalnız müstəsna halda atacaqlarını qeyd edib. Nazirlər kabinetinə “Breksit” prosesinin tarixini təxirə salmağa imkan verən düzəlişi bir qədər əvvəl parlamentin İcmalar Palatası təsdiqləyib.