Siyasət

Türkiyənin Baş naziri Binəli Yıldırım Naxçıvan Muxtar Respublikasına səfər edib

21-12-2017 | 10:22        

  

Dekabrın 20-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Naxçıvan Muxtar Respublikasında səfərdə olub.

Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin Baş naziri Binəli Yıldırımı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət etdi.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın görüşü oldu. Muxtar respublikanın yaranma tarixi və müasir inkişafı barədə məlumat verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçildiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan-Türkiyə əlaqələrinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə qoyulub. Bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələn dostluq və qardaşlıq münasibətlərimiz hər iki ölkə prezidentlərinin iradəsinə uyğun olaraq inkişaf edir və bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının da mühüm yeri var. Ali Məclisin Sədri Naxçıvanın xarici ticarət dövriyyəsində Türkiyə Respublikasının payının bu ilin 11 ayında ötən ilə nisbətən 2 milyon dollar artaraq 7 milyon 685 min dollar təşkil etdiyini bildirdi. Qardaş ölkə hökumətinin qəbul etdiyi yeni tənzimləmə qərarına əsasən, Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinə Türkiyəyə məhsul ixracında sərbəst ticarət imkanının verilməsi də xarici ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir.

2009-cu ildən sonra yenidən qədim Naxçıvan torpağına səfərindən məmnunluğunu bildirən Türkiyənin Baş naziri Binəli Yıldırım ötən bu müddət ərzində Naxçıvanın böyük inkişafa nail olduğunu vurğuladı. Prezident İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısındakı iştirakını və çıxışını xatırlatdı. Ölkələrimiz arasında münasibətlər son 15 ildə sürətlə inkişaf edib. Türkiyənin baş naziri bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu münasibətlərin daha da inkişaf etdirilməsində xüsusi yer tutduğunu diqqətə çatdırdı.

Görüşdə İğdırın və Naxçıvanın hava limanları arasında əməkdaşlığın inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparıldı.

Bununla da, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın Naxçıvan Muxtar Respublikasına birgünlük səfəri başa çatdı. Türkiyənin baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yola saldı.