Cəmiyyət

Yaxın vaxtlarda “Lisenziyalar və icazələr” portalı istifadəyə veriləcək

20-12-2017 | 15:52        

  

Yaxın vaxtlarda “Lisenziyalar və icazələr” portalı istifadəyə veriləcək. Bu barədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin elektron qaydada verilməsini təmin edən portalın təqdimatında bildirilib.

Özəl bölmənin inkişafı ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Reallaşdırılan islahatların tərkib hissəsi olaraq lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı isə 4 dəfə azaldılaraq 86-ya endirilib. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilən sənədlərə görə ödənilən dövlət rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılıb, lisenziyaların verilməsi üçün tələb olunan müddət azaldılıb, prosedurlar sadələşdirilib. Bu barədə lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin edən  portalın təqdimatında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirdi.

Nazir müavini “Lisenziyalar və icazələr” portalının hazırlandığını da diqqətinə çatdırdı, portalın məqsədləri barədə məlumat verdi. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov son illər dövlət xidmətlərinin göstərilməsi sahəsində genişmiqyaslı islahatların həyata keçirildiyi və dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in dövlət və özəl xidmətlərin vahid məkandan vətəndaşlara çatdırılması sahəsində uğurlu təcrübəni vurğuladı. İqtisadiyyat Nazirliyinin Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsinin müdiri İlqar Poladov isə portalın funksiyaları, lisenziyaların və icazələrin elektron qaydada verilməsi prosedurları barədə məlumat verdi. Tədbirdə çıxış edənlər müasir texnologiyaları tətbiq etməklə lisenziya və icazələrin elektron qaydada verilməsinin sahibkarların işini daha da asanlaşdıracağını, əlavə vaxt itkisinin qarşısını alacağını qeyd etdilər.

Sonda lisenziya və icazə verən qurumların nümayəndələrinin və sahibkarların sualları cavablandırıldı.

“Xəbərlər”, Azərbaycan Televiziyası