Bölgələr

Türkiyəli mütəxəssislər Qubaya yeni meyvə növləri və məsləhətləri ilə gəliblər

20-12-2017 | 15:32        

  

Bağçılığın inkişafı üçün beynəlxalq təcrübənin öyrənilməsi vacib şərtdir. Qədim təcrübənin müasir tələblərlə uzlaşdırlması bağların daha məhsuldar olmasına zəmin yaradır. Elə Qubada türkiyəli mütəxəssilərlə yerli aqronomların birgə keçirdiyi seminarda da bu amil əsas tutulub. Qubanın ağ alma bağlarına yeni sortları da gətirən yerli fermerlər, həmin meyvə nəvlərinə qulluğun qaydalarının da öyrədiblər. 

Ağ alması ilə məşhur olan Qubanın fermerlərinin özlərinin də bu sahədə böyük təcrübəsi var. Axı yerli alma bağlarının məhsulu həmişə bol, dadlı və keyfiyyətli olub. Lakin nəsildən-nəslə ötürülən təcrübəyə müasir tələblər əlavə olunduqda, uğur qaçılmazdır. Qubanın alma bağlarına yeni gələn sortlar da daha həssas qulluq tələb edir. Bu yerdə yerli mütəxəssislərin köməyinə beynəlxalq ekspertlər gəlir.

Deyirlər, bağa baxarsan bağ olar, baxmazsan dağ olar... Odur ki, min bir zəhmətlə ərsəyə gələn meyvə bağlarına düşən göbələk, bakteriya, virus mənşəli xəstəliklərin vaxtında qarşısı alınmalıdır. Əks təqdirdə göbələk mənşəli dəmgil xəstəliyi yarpaq, çiçək, zoğ və meyvələrə də yoluxmaqla bağı məhv edə bilər. Əsasən rütubətli və soyuq keçən yaz aylarında xəstəlik məhsulun 85-90%-i, yarpaqların isə 100%-nin yoluxmasına səbəb olur. Türkiyyədən gələn aqronomlar xəstəliklərin qarşısının alınması üçün dərmanlardan düzgün istifadə etməyin qaydalarını izah edir.

Bağçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün ağacın düzgün budanması da vacib şərtdir. Bundan başqa meyvə ağacına düzgün biçim verilməsi,  onun qaməti bar vermə dövrünə daha tez keçməsi deməkdir.

Mütəxəssəslər deyirlər ki, ağacın budanması üçün ən uyğun dövr payızda, yarpaqlar töküləndən sonra başlanır. Bu proses tumurcuqların açılmasına qədər davam edir. Həm də hər növ meyvə ağacının budama qaydası fərqlidir. Məsələn fransız alma sortu olan Qranni Smitin rəngi və keyfiyyəti onun budaması və qulluğundan asılıdır.

Beləcə Quba fermer evində bu gün bağçılıqda yeni texnologiyara dair məsləhətlər verildi. Rayonun iqtisadiyyatında bağçılığın ən önəmli yerlərdən birini tutmasını və əhalinin əsas məşğuliyyət sahəsi hesab olunduğunu nəzərə alsaq, deməli fermerlər bu tövsiyələrdən faydalanaraq, qarşıdakı illərdə  həm meyvə istehsalını, həm də çeşidləri xeyli artıracaqlar. Hələlik isə  rayonda 13 min hektardan artıq alma bağı mövcuddur. Bu il bağbanlar 120 min tondan çox meyvə toplayıblar.

"Xəbərlər", Azərbaycan Televiziyası