Xarici xəbərlər

Senat 30 ilin ən genişmiqyaslı vergi islahatlarını nəzərdə tutan layihəni qəbul edib

20-12-2017 | 13:07        

  

ABŞ Senatı son 30 ilin ən genişmiqyaslı vergi islahatlarını nəzərdə tutan qanun layihəsini qəbul edib. Senatın 51 üzvü layihənin lehinə, 48 üzvü əleyhinə səs verib. Bundan əvvəl sənəd Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Respublikaçılar partiyasının 12 üzvü və Nümayəndələr Palatasındakı bütün demokratlar layihəyə qarşı çıxsalar da, sənəd 227 səs lehinə, 203 səs əleyhinə olmaqla qəbul edilib. Qanun layihəsi təkrar səsvermə üçün Nümayəndələr Palatasına təqdim olunacaq. Qüvvəyə minəcəyi təqdirdə bu, ABŞ Prezidenti Donald Trampın qanunvericilik sahəsində ilk böyük qələbəsi olacaq. Layihə korporativ vergilərin müddətsiz olaraq 35%-dən 21%-ə endirilməsini, fiziki şəxslər üçün vergilərin müvəqqəti olaraq azaldılmasını nəzərdə tutur.  Konqresin Vergiqoyma məsələləri üzrə birgə komitəsi isə hesab edir ki, qanun layihəsi hazırda 20 trilyon dollar təşkil edən dövlət borcunun qarşıdakı 10 ildə 1,4 trilyon dollar artmasına gətirib çıxaracaq.