Xarici xəbərlər

Ermənistanda tələbələrin etiraz aksiyasının miqyası genişlənir

20-12-2017 | 10:32        

  

Ermənistan gəncləri orduda xidmət etmək istəmir. Onlar adi etirazla kifayətlənməyib, aclıq aksiyasına başlayıblar. İki gündür ki, İrəvan Dövlət Universitetində dərslər yenidən dayandırılıb. Gənclər birmənalı şəkildə orduda xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasının əleyhinədirlər. Tələblərinə əhəmiyyət verilmədiyini görən gənclər  aksiyaları bərpa etməyə qərar veriblər. İlkin olaraq beş nəfər aclıq elan edib. Hakim Respublika Partiyasından olan deputat Qrayr Tovmasyan hökumətin  möhlət hüququnun ləğvi ilə bağlı qərarına etiraz edən gəncləri vətənə xəyanətdə günahlandırır. Onun sözlərinə görə, əsgər getməkdən boyun qaçıran bu narazı təbəqənin nazı ilə oynamağa dəyməz. Onlar danışıqlara getmək əvəzinə şou göstərirlər deyə-Tovmasyan əlavə edib. Etiraz aksiyalarının ən fəal üzvü David Petrosyan isə əsil xəyanətkarların hakimiyyətin və ordu rəhbərlərinin olduğunu bildirib. Diqqətə çatdırıb ki, möhlət hüququnun ləğvinə nail olan müdafiə nazirinin özü  belə hərbi xidmət keçməyib. Məhz belə səriştəsiz idarəçilərin sayəsində Ermənistan ordusunda neqativ hallar durmadan artır. Ona görə də etirazçılar digər  gəncləri də  ölkədə hökm sürən diktatura ilə barışmamağa çağırıblar.