Cəmiyyət

Bakı və Sumqayıt məktəblərində monitorinq imtahanı keçirilir

20-12-2017 | 10:26        

  

Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirilir. Dövlət İmtahan Mərkəzinin monitorinq imtahanları 49 məktəbdə təşkil olunub. İmtahanlarda  Azərbaycan dili fənni üzrə 3609, rus dili fənni üzrə 2454, riyaziyyat fənni üzrə isə  3635 şagirdin iştirakı nəzərdə tutulur. Azərbaycan dili fənni üzrə imtahan saat 10-da başlayıb. 2 saat ərzində şagirdlər açıq tipli test tapşırıqlarını cavablandırmalı, inşa yazmalıdırlar. Riyaziyyat fənni üzrə imtahan isə dekabrın 21-də keçiriləcək. Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. Ümumtəhsil müəssisələrində bu imtahanlar  dövlət vəsaiti hesabına təşkil olunur.