Mədəniyyət

“ƏSA” Teatrı “Siçanlar və adamlar” tamaşasını təqdim etdi

20-12-2017 | 10:13        

  

Opera və Balet Teatrında əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” Teatrının “Adamlar və siçanlar”  tamaşası təqdim olundu.  Pulitzer və Nobel mükafatı laureatı, amerikalı məşhur yazıçı Con Steynbekin əsəri əsasında səhnələşdirilən tamaşanında dövlət rəsmiləri, diplomatik korpus nümayəndələri də iştirak etdilər. Tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadə bildirdi ki, səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.

Nihad Qulamzadə - rejissor:

Əsa Teatrı ilk dəfədir ki, Opera və Balet teatrında, bu cür böyük bir səhnəyə çıxır, aktyorlarımız ilk dəfədir bu cür böyük bir səhnəyə çıxır. Bu bizim üçün həm həyəcanlıdır, həm də qürurverici. Biz çox sevinirik ki, Azərbaycanda əliliyi olan insanlardan ibarət bir teatrı inkişaf etdirib bu səviyyəyə gətirə bildik.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta isə diqqətə çatdırdı ki, fiziki əngəlli insanların çoxluq təşkil etdiyi teatrın digər insanlar kimi cəmiyyətə töhfə vermək və mədəniyyəti zənginləşdirmək potensialı var. Tamaşanın əsas məqsədi də əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını sürətləndirmək, onlar haqqında siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün aspektlərində məlumatlılığı artırmaqdır.

Uilyam Solli – ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri:

Əsa teatrını Şekspir tamaşası ilə tanıdıq. Düşündük ki, çox fantastik tamaşadır və qərara gəldik ki,  Con Steynbekin əsərini tamaşaya qoysunlar. Tamaşanın məşqlərini də izləmişəm və deyə bilərəm ki, həqiqətən çox istedadlı aktyorlardı.

Mark Qrey – ekspert (Böyük Britaniya):

- Böyük Britaniyadan Bakıya Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılmasına dair konfransda iştirak etmək üçün gəlmişəm. Bu axşam burda fiziki məhdudiyyətli insanların hazırladığı tamaşaya baxmaqdan çox məmnunam. Bu çox ictimai əhəmiyyətli tədbirdir. Çünki onların cəmiyyətə inteqrasiyası, sosial işlərdə fəal iştirakı vacibdir.

Tamaşanın nümayişindən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar “ƏSA” Teatrının aktyorları ilə görüşdülər.  Gənclərin yaradıcılıq fəaliyyəti ilə maraqlananan Leyla Əliyeva onlarla birlikdə xatirə şəkli çəkdirdi və gələcək işlərində uğurlar arzuladı.