Cəmiyyət

“Azərbaycan hökumətinin BMT ilə Gənclər evlərinə dair birgə təşəbbüsü” pilot layihəsinin təqdimatı olub

20-12-2017 | 09:16        

  

Binəqədi rayon Gənclər Evində “Azərbaycan hökumətinin BMT ilə Gənclər evlərinə dair birgə təşəbbüsü” pilot layihəsinin təqdimatı olub.

Paytaxt Bakı və regionlarda 40-dan çox Gənclər evi və mərkəzi fəaliyyət göstərir. “Azərbaycan hökumətinin BMT ilə Gənclər evlərinə dair birgə təşəbbüsü” ilk pilot layihəsinin məqsədi  kompleks  xidmətlərin  bütün Gənclər Evlərində  istifadəsidir. Bu barədə danışan Gənclər və idman naziri Azad Rəhimov dedi ki, ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir. Dövlətin yaratdığı imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Hazırda gənclərin problemlərinin həlli üçün müxtəlif proqramlar həyata keçirilir. Gənclər evinin 14-ü  nazirliyin tabeliyindədir. Nazir vurğuladı ki, Prezident İlham Əliyev gənclərlə bağlı 3 dövlət proqramı təsdiq edib və sonuncusu 2017-2021-ci illəri əhatə edir. Dövlət proqramları gənclərin həyatında bütün istiqamətləri əhatə edir. Birinci və ikinci proqram uğurla icra olunub. Gənclərlə bağlı uğurlu layihələrdən biri də Gənclər evləri şəbəkəsinin yaradılmasıdır. Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev layihənin gənclər üçün əhəmiyyətindən danışdı. Bildirildi ki, Gənclər evlərində qeyri-formal təhsil və digər sosial xidmətlərdən əlavə, asudə vaxtın təşkili də çox vacibdir. Gəncləri zərərli vərdişlər, radikalizm, və digər bu kimi neqativ hallardan qorumaq üçün maarifləndirmə tədbirlərin  həyata keçirilməsi zəruridir. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 5 istiqamət üzrə həyata keçiriləcək  pilot layihənin məhsuldar əməkdaşlığın nəticəsi olduğunu dedi. Yaxın gələcəkdə digər beynəlxalq təşkilatların da bu nəcib təşəbbüsə qoşulması nəzərdə tutulur. Tədbirdə Gənclər Evinə həsr olunan  video-çarx nümayiş etdirildi.

"Xəbərlər", Azərbaycan Televiziyası