İqtisadiyyat

Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda yenidənqurma işlərinə start verilib

20-12-2017 | 09:12        

  

2021-ci ildən Azərbaycanda “Avro-5” keyfiyyət standartına cavab verən Aİ-92/95/98 benzin məhsulları istehsal olunacaq. Bunun üçün Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda yenidənqurma işlərinə start verilib. Modernizasiya işləri “Tecnicas Reunidas” şirkəti tərəfindən aparılacaq.

Müqaviləyə əsasən zavodda rekonstruksiya işləri bir neçə istiqamət üzrə aparılacaq. İlk növbədə yeni qurğuların inşası və mövcud əsas qurğuların, eləcə də ümumi zavod təsərrüfatının modernizasiyası həyata keçiriləcək. SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd etdi ki, Neft Emalı Zavodunda aparılacaq yenidənqurma işlərindən sonra “Avro-5” standartına cavab verəcək yüksək keyfiyyətli mühərrik yanacaqlarının, dizel və benzin məhsullarının alınması üçün daha müasir və səmərəli qurğular istifadəyə veriləcək. Layihə həm də Azərbaycanın neft-kimya sahəsində ixrac potensialını gücləndirmək, eləcə də ölkədə ekoloji durumu yaxşılaşdırmaq məqsədi daşıyır. Müəssisənin yenidən qurulması ilə bağlı tenderdə iştirak edən 10 beynəlxalq şirkət arasında “Tecnicas Reunidas” şirkəti qalıb gəlib. Şirkətinin İdarə heyəti sədrinin müavini, baş icraçı direktor Xuan Llado Arburua bildirdi ki, modernizasiya işləri 2021-ci ilədək davam edəcək. Bu məqsədlə zavodda 14 yeni qurğunun inşası planlaşdırılıb. Birinci mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsinin tikilib istismara verilməsi, ikinci mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası planlaşdırılıb. Son mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən Aİ-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işləri aparılacaq. Bunun nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzinin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartına cavab verəcək.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR