Cəmiyyət

Heydər Əliyev Mərkəzinin parkında “Red Bull İllume” foto sərgisi açılıb

20-12-2017 | 09:05        

  

Heydər Əliyev Mərkəzinin parkında “Red Bull İllume” foto sərgisi açılıb. Dünyanın ən böyük məcara və ekstremal idman foto sərgisində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

İnkişaf etmiş şəhərlərdə nümayiş etdirilən “Red Bull İllume” foto sərgisi bu dəfə Bakıda təşkil olundu. Beynəlxalq foto müsabiqəsi statusu olan sərgi ekstrimal və macəra idman növlərinə həsr edilib. Dünyanın ən yaradıcı və həyacanverici fotoşəkilini unikal incəsənət nümunəsi kimi təqdim edən müsabiqənin məqsədi ekstrimal idman növlərinə marağı artlqmaqdır. Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan foto sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etdi. Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Emin Məmmədov ekspozisiyanın Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu vurğuladı. Bildirdi ki, Mərkəzdə keçirilən Səməni, Küknar festivallarından sonra “Red Bull İllume” foto sərgisinin də burda təşkili sevindiricidi. Sərgi Bakıdan Tokioya yola salınacaq.

“Red Bull İllume” layihəsinin müəllifi Ulriş Qril sərginin Bakıda açılmasından böyük fəxr hissi keçirdiyini bildirdi. Qeyd etdi ki, Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilən bu sərginin uğur qazanacağına inanır. Onun sözlərinə görə, sərgi gənc fotoqrafların marağına səbəb olacaq onların foto çəkmək istəyini daha da artıracaq. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış oldu.

Sərgidə “İmage Quest 2016”nın final mərhələsinə çıxan 55 fotoşəkil işıq qutuları üzərində nümayiş etdirilir. Sərgilənən fotoların arasında noyabr ayında Azərbaycanda keçirilən Milli Mobil Müsabiqədə qalib gələn azərbaycanlı fotoqrafların 5 fotoşəkili də yer alıb. Nümayiş etdirilən fotoları isə hava qaralandan sonra izləmək mümkündür. Xatırladaq ki, “Red Bull İllume İmage Quest 2016” müsabiqəsinə 120 ölkədən 5645 fotoqraf 34 min 624 fotoşəkil təqdim edib. Finala vəsiqəni isə 55 fotoqraf əldə edib. Bu fotoqrafların əl işləri 2018-ci ilin ortalarınadək bütün dünyada nümayiş etdiriləcək.

Sərgi çərçivəsində təşkil edilən konset proqramı da maraqlı anlarla yadda qaldı. Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkında açılan sərgi yanvarın 15-dək davam edəcək.

"Xəbərlər", Azərbaycan Televiziyası