Siyasət

Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunub

19-12-2017 | 16:58        

  

“Azərbaycan UNESCO-nun donor ölkəsinə çevrilib”. Bu fikir Bakıda ölkəmizin UNESCO-ya üzvlüyünün 25 illiyi münasibətilə təşkil edilən tədbirdə səslənib.

“25 il ərzində Azərbaycan ilə UNESCO arasında çox uğurlu əməkdaşlıq əlaqələri var”. UNESCO üzrə Azərbaycan Milli Komissiyasının üzvü, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov bildirdi ki, Azərbaycan təşkilata 1992-ci il iyunun 3-də üzv olub. Ümummilli lider Heydər Əliyevin 1994-cü il fevralın 21-də imzaladığı müvafiq Sərəncama əsasən, UNESCO üzrə Azərbaycanın Milli Komissiyası yaradılıb. Ölkəmiz 25 il ərzində təşkilatla elm, təhsil, mədəniyyət, kommunikasiya, gender məsələləri, idman, gənclər və bir çox digər sahələr üzrə əməkdaşlıq edir. O da vurğulandı ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan UNESCO-nun donor ölkəsinə çevrilib. Mədəni irsimizin qorunması Azərbaycan dövləti üçün prioritet istiqamətdir-deyən Əsgər Ələkbərovun fikrincə, "Azərbaycan muğamı", "Aşıq sənəti", "Novruz bayramı", "Ənənəvi Azərbaycan xalçaçılıq sənəti", "Tar və onun ifaçılıq sənəti", "Ənənəvi kəlağayı sənəti və simvolizmi, "Lahıcın misgərlik sənəti" və digərləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Eyni zamanda, Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Dünya İrsi Siyahısında yer alıb.  Qeyd olundu ki, Prezident İlham Əliyev və birinci xanım, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın daimi diqqət və qayğısı sayəsində qədim şəhərimiz nadir memarlıq-şəhərsalma kompleksi kimi möhkəmlənib, tarixi memarlıq abidələrinin bərpası, konservasiya və restavrasiya işləri aparılıb.   UNESCO üzrə Azərbaycanın Milli Komissiyasının sədri, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Komissiyanın sədr müavinləri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və təhsil nazirinin səlahiyyətlərini icra edən Ceyhun Bayramov da qurumla Azərbaycan arasındakı əməkdaşlıqdan danışdılar. Tədbir UNESCO-nun Yubileylər Proqramına daxil edilən Azərbaycanın görkəmli mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar şairin qəzəllərinə bəstələnmiş əsərlərdən ibarət konsert proqramı ilə davam etdi. Eyni zamanda Azərbaycanın UNESCO siyahılarında yer alan maddi və qeyri-maddi mədəni irs nümunələri sərgiləndi.