Siyasət

Bakıda Həştərxan İş Mərkəzinin təməli qoyulub

19-12-2017 | 16:53        

  

Bakı şəhərinin Nərimanov rayonu ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu fikirlər ölkəmizdə səfərdə olan Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkinlə Nərimanov rayonunda keçirilən görüşdə səslənib. Bakıda Həştərxan İş Mərkəzinin təməli də qoyulub.

Qonaqlar  əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarının ziyarət etdilər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla yad olundu.

Rusiya Federasiyasının Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkinlə keçirilən görüşdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qarşılıqlı dostluq əlaqələrindən danışdı. Bildirdi ki, 2006-ci ildən Nərimanov rayonu ilə Həştərxan şəhəri arasında dostluq əlaqələri genişləndirilir. Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin  ölkələrimiz arasında mövcud münasibətlərin yüksək  səviyyəsindən, Azərbaycanda gördüyü qonaqpərvərlikdən məmnunluq ifadə etdi. Millət vəkilləri Rasim Musabəyov və Adil Əliyev də xalqlarımız arasında tarixi dostluq əlaqələrinin möhkəmlənməsi üçün atılan addımları yüksək qiymətləndirdilər. Sonra Həştərxan İş Mərkəzinin təməlqoyma mərasimi keçirildi. Bu gün Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. 2 ölkə arasında münasibətlərin inkişafında regionlararası əməkdaşlığın xüsusi yeri var. Bu fikirləri Həştərxan İş Mərkəzinin təməlqoyma mərasimində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov dedi. O, qeyd etdi ki,  Azərbaycan ilə Həştərxan vilayəti arasında qədim ticari-iqtisadi və humanitar əlaqələr mövcuddur. Bakıda təməli qoyulan Həştərxan İş Mərkəzi  də ölkələrimiz arasındakı əməkdaşlığın inkişafına yeni təkan verəcək. Əli Həsənov Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda reallaşdırılan çox böyük və tarixi layihələrdən də danışdı. Bildirdi ki, Azərbaycan və Rusiyanın regionları arasında münasibətlərdə paytaxtın Nərimanov rayonu ilə Həştərxan vilayəti arasında qurulan əlaqələr xüsusi əhəmiyyətə malikdir.

Bakıda tikiləcək Həştərxan İş Mərkəzi ölkələrimiz, o cümlədən ayrı-ayrı regionlar arasında ticari-iqtisadi əlaqələrin möhkəmlənməsi işinə xidmət edəcək. Bunu isə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin dedi. Onun sözlərinə görə, Həştərxanda da Azərbaycan Biznes Mərkəzinin inşa olunması logistik qovşağın yaradılmasına, iş adamları arasında əlaqələrin daha da genişlənməsinə kömək  edəcək.

Həştərxan İş Mərkəzinin ümumi tikinti sahəsi 5000 kvadrat metrdən cox olacaq. Beş mərtəbədən ibarət olacaq bu çoxfunksiyalı binada sərgi-ticarət, konfrans zalları fəaliyyət göstərəcək, ofis otaqları, mini otel yaradılacaq. Mərkəz birbaşa iqtisadi əlaqələrin yaradılması, tərəfdaşların tapılması, görüşlərin təşkili üçün əlverişli məkan olacaq.

"Xəbərlər", Azərbayczn Televiziyası