Bölgələr

Ağcabədi Olimpiya İdman Kompleksinin qaçış zolağında “Sağlam bədəndə sağlam ruh olar” devizi altında yürüş keçirilib

19-12-2017 | 15:12        

  

İdmanın kütləviləşdirilməsi, xüsusən gənclərin idmanla məşğul olması, peşəkar idmançıların yetişdirilməsi son illərin gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Bölgələrdə müasir idman komplekslərinin tikilib istifadəyə verilməsi də bu məqsədə xidmət edir. Ötən ay dövlət başçısının iştirakı ilə açılışı olan Ağcabədi Olimpiya İdman Kompleksi də artıq bu vəzifələrin icrasına başlayıb.

Buna Ağcabədidə heç kimin şübhəsi yoxdur. Hamı belə fikirləşir. Amma güclü idmançılar yetişdirməkdən əlavə Olimpiya İdman Kompleksi idmanın kütləviləşdirilməsində, sağlam həyat tərzinin formalaşmasında da mühüm rol oynayacaq. Artıq bu proses başlanıb. Yaşından və vəzifəsindən asılı olmayaraq hər kəs kompleksə gəlib burada məşq edə, müxtəlif idman bölmələrinə üzv yazıla bilər. İlk kütləvi idman tədbiri kimi kompleksin qaçış zolağında “Sağlam bədəndə sağlam ruh olar” devizilə yürüş keçirilib.

Yürüşdə iştirak edən Rayon İcra hakimiyyəti başçısı Şahin Məmmədov ağcabədililərə Olimpiya İdman Kompleksinin imkanlarından istifadə etməyi məsləhət gördü. İmkanlar isə çox genişdir. Ümumi ərazisi 5 hektar olan idman kompleksində bütün zəruri infrastruktur yaradılıb. Burada 100 tamaşaçı tutumu olan ikidöşəkli güləş və cüdo, boks, ağır atletika, həmçinin 937 azarkeş yerlik universal idman zalları var. Stolüstü tennis, bilyard, trenajor və fitnes, məşq zalları, uzunluğu 104, eni isə 68 metr olan 810 azarkeş yerlik futbol stadionu, habelə mini futbol, voleybol və tennis meydançaları da yaradılıb. Üzgüçülük hovuzu isə ən müasir standartlara cavab verir. Üzgüçülük yarışlarını 100-dən çox tamaşaçı izləyə biləcək. Bir sözlə, burada idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün geniş imkanlar mövcuddur.

Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılmasında mühüm rol oynaylır. Ən azı, “Sağlam bədəndə sağlam ruh” olar, deyə- idman yürüşünə qatılmaq olar. Rayon Gənclər və İdman İdarəsi kompleksdə bu idman tədbirini hər həftə təşkil edəcək.

"Xəbərlər", Azərbaycan Televiziyası