Bölgələr

Zərdabda abadlıq-quruculuq işləri aparılır

19-12-2017 | 14:18        

  

Zərdab rayonunda quruculuq abadlıq işləri davam etdirilir, sosial problemlərin həlli istiqamətində davamlı addımlar atılır. Yaşayış binalarının dam örtükləri yenilənir, küçələrə asfalt örtüyü döşənir.

Bu problemlər 2016-cı ilin dekabr ayında dövlət başçısı İlham Əliyevin Zərdab rayonuna səfərindən sonra həllini tapıb. Sərəncama əsasən çoxmənzilli binaların təmiri üçün dövlət büdcəsindən vəsait ayrılıb. Bundan sonra 27 yaşayış binasında əsaslı təmir-bərpa işləri aparılıb. Evlərin fasadları xüsusi layihə əsasında müasir görkəmə salınıb, dam örtükləri dəyişdirilib, binaların girişləri, pilləkən qəfəsləri, kommunikasiya xətləri yenilənib. Ətrafları abadlaşdırılıb, yaşıllıqlar salınıb.

30 ildən çoxdu bu evdə yaşayırdım, bu evdə. Təmirə möhkəm ehtiyacımız var idi. Sağ olsun Prezidentimizi, vəsait ayırdı. Gözəl təmir işləri gedib. İndi rahat yaşayırıq.

Quruculuq və abadlıq tədbirləri çərçivəsində Həsən bəy Zərdabi adına park da yenidən qurulub, burada əhalinin istirahəti üçün geniş imkanlar yaradılıb. Parkın girişi milli memarlıq üslubunda tikilib. Fəvvarə, işıqlandırma sistemi, oturacaqlar quraşdırılıb, yaşıllıqların sahəsi artırılıb. Azərbaycanın maarifpərvər ədibi Həsən bəy Zərdabinin heykəli də təmir edilib. Əhalinin təkliflərini nəzərə alan rayon icra hakimiyyəti Kür çayının sahilində istirahət zolağı da yaradıb. İlboyu küçələrin təmir-bərpası, genişləndirilməsi də diqqət mərkəzində saxlanılıb. Ümumilikdə 20-dən çox küçədə təmir işləri aparılıb, asfalt örtüyü döşənib. Hazırda isə Abbas Səhhət küçəsi bərpa edilir. Rayonda sosial layihələr də icra olunub. 8 şöbədən ibarət 105 çarpayılıq rayon mərkəzi xəstəxanası əsaslı təmir edilib. 50 yerlik uşaq bağçası-körpələr evi istifadəyə verilib. Hazırda isə 1176 şagird yerlik 1 saylı məktəb-liseydə təmir işləri aparılır. Zərdab Rayon İcra Hakimiyyətindən bildiriblər ki, 2018-ci ildə də sosial layihələrin icrası, təmir-bərpa işləri davam etdiriləcək.

“Xəbərlər”, Azərbaycan Televiziyası