Siyasət

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilir

19-12-2017 | 13:30        

  

“Bələdiyyələrin statusu” və “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında qanunlara dəyişikliklər edilir. Dəyişikliklər Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə olunub.

Qəbiristanlıqların salınması və idarə olunması məsələlərində bələdiyyələrin üzərinə düşən vəzifələrin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşmiş qaydalara uyğun həyata keçirilməsini təmin etmək məqsədilə “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik olunur. Qanunun 4-cü - Yerli sosial müdafiə və sosial inkişaf proqramları maddəsinə edilən dəyişikliyə görə isə sözügedən proqramlarda mütəmadi olaraq mövcud qəbirisatanlıqların qorunması ilə yanaşı, onların saxlanması, idarə edilməsi, abadlaşdırılması və köçürülməsi, həmçinin  dəfn xidmətlərinin təşkilinə yardım göstərilməsi də nəzərdə tutulur. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə dedi ki, dəyişiklik yerli sosial müdafiə və inkişaf proqramlarında bələdiyyələrin üzərinə yüksək vəzifə qoyur. Bu isə müəyyən maliyyə imkanlarının genişləndirilməsini nəzərdə tutur ki, buna da yaxın gələcəkdə baxılacaq.

Qəbiristanlıqların yerləşdiyi torpaqların xüsusi mülkiyyətə verilə bilməməsini təsbit etmək üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 7.2-ci maddəsinə də dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, qəbiristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməyəcək. Millət vəkilləri dəyişiklikləri vacib sayaraq qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyyə etdilər.

“Xəbərlər”, Azərbaycan Televiziyası