Siyasət

“Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları” adlı seminarın iştirakçılarına sertifikatlar təqdim olunub

19-12-2017 | 09:15        

  

Gənclər və İdman Nazirliyi ilə Paris Sorbon Əbu-Dabi Universitetinin təşkil etdiyi birgə seminarın iştirakçılarına sertifikatlar təqdim olunub. Seminarda dövlət gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları və gənclər təşkilatlarının fəalları iştirak edib.

“Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları” mövzusunda keçirilən seminarın məqsədi gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsini yüksəltməkdir. Gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları və gənclər təşkilatlarının fəallarının iştirak etdiyi seminar 6 təlim modulu üzrə keçirilib. Seminarda iştirakçılara gənclərlə işin təşkili, ümumi strategiyanın hazırlanması, təhlili, eləcə də müşahidə üsulları, hesabatlar və monitorinqlər üzrə lazımı məlumatlar verilib. Həmçinin gənclərin elektron portallarının yaradılması, qrup işinin səmərəli təşkili, İKT vasitələrindən istifadə də öyrədilib. Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, gənclərlə iş üzrə  Azərbaycan modeli artıq dünyada tanınır və bu model  BMT tərəfindən dəstəklənir. Seminarda beynəlxalq akkreditasiyaların gənclərlə iş sektorunda rolu, İnteqrativ Keyfiyyətin İdarəedilməsi Sistemi barədə məlumatlar verilib. Fransanın Azərbaycandakı səfiri  Aurelya Buşez də layihənin əhəmiyyətindən danışdı, O, Paris Sorbon Universitetinin Azərbaycanda müxtəlif təşkilatlarla əməkdaşlıq etdiyini dedi. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olundu.

"Xəbərlər", Azərbaycan Televiziyası