Cəmiyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Klinikada anadangəlmə ürək qüsurlu uşaqlar üçün əməliyyatlar həyata keçirilir

19-12-2017 | 09:10        

  

Mərkəzi Klinikada anadangəlmə mürəkkəb ürək qüsurundan əziyyət çəkən uşaqlar üçün kompleks əməliyyatlar həyata keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan əməliyyatlar İsveçirədən dəvət olunan ixtisaslaşmış həkim birqadası ilə birgə icra olunur.

Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin həyata keçirdiyi əhəmiyyətli işlərdən biri də uşaqlarda anadangəlmə ürək qüsurlarının cərrahi yolla bərpasıdır. Bu  istiqamətində Heydər Əliyev Fondu böyük dəstəyi ilə  iri miqyaslı layihələr həyata keçirilir.

Azərbaycan Ürək-damar Cərrahiyyəsi Cəmiyyətinin və Mərkəzi Klinikanın baş həkimi Kamran Musayevin bildirdiyinə görə, son 3 gün ərzində 8 mürəkkəb anadan gəlmə ürək qüsurundan əziyyət çəkən uşaqın əməliyyatı icra olunub. Ümumilikdə, 12 əməliyyat uğurla həyata keçirilib. Hər yaş qrupundan olan xəstələrdə müxtəlif tipli anadangəlmə qüsurlar cərrahi yolla aradan qaldırılıb.

Baş həkim onu da qeyd etdi ki, bu ilin oktyabr ayından etibarən Mərkəzi Klinikanın Anadangəlmə Ürək Qüsurları Mərkəzində İsveçrənin məşhur Cenevrə Universitetinin Ürək cərrahiyyəsi və Uşaq kardiologiyasının həkim briqadası uşaqlarda anadangəlmə ürək qüsurlarının müayinə və diaqnostikasını, eyni zamanda müasir metodla qapalı və açıq ürək əməliyyatlarını icra edirlər. Yerli mütəxəssislərlə birgə həyata keçirilən bu əməliyyatlarda məqsəd tibbin ən son nailiyyətlərindən istifadə etməklə müasir standartlar səviyyəsində xidmət göstərməkdir.

“Xəbərlər”, Azərbaycan Televiziyası