İdman

Çövkən milli oyunu üzrə yarışların rəsmi açılış mərasimi olub

19-12-2017 | 09:06        

  

Prezident kuboku uğrunda növbəti çövkən milli oyunu üzrə yarışların rəsmi açılış mərasimi olub. Tədbir Şəkinin Daşüz kəndində yerləşən Atçılıq Turizm Mərkəzində təşkil edilib.

Prezident kuboku uğrunda növbəti çövkən milli oyunu üzrə Şəki, Ağcabədi, Ağdaş, Ağstafa, Bərdə, İsmayıllı Gəncə, Şəmkir regional mədəniyyət və turizm idarələrinin təmsilçiləri, həmçinin  Bakının “Elit”, “Ömər”, “Polad”, “Sərhədçi” komandaları mübarizə aparırlar.

Ölkəmiz  müstəqillik əldə etdikdən sonra xalqımızın yenidən sahib olduğu milli dəyərlər sırasında atüstü milli oyunlar ön cərgələrdə yer tutur. Bunu Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova deyib. Qeyd edib ki. 2006-cı ildə Şəki rayonunda yaradılan Respublika Atçılıq Turizm Mərkəzi qədim tarixi ənənələrimizin  bərpasına və dirçəldilməsinə töhfəsini verməkdədir. Məqsədİmiz milli atüstü oyunlara yeni həyat vermək, ölkəmizdə atçılıq turizmini təbliğ etmək, gənc nəsildə bu sahəyə maraq oyatmaqdır

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışların coğrafiyası ildən-ilə genişlənir, iştirakçı komandaların peşəkarlıq səviyyəsi isə getdikcə artır.

Musiqi kollektivinin çıxışından sonra komandalar cənginin  sədaları altında tribunanın qarşısından  keçərək, meydana daxil olublar. Azərkeşlər  Şəki və Bakının komandaları arasında ilk səkkizdə bir final qarşılaşmasını izləyiblər.

Gərgin keçən oyunda paytaxt təmsilçisi 2:1 hesabı ilə qalib gəlib Digər qarşılaşmada isə Bakının “Elit” komandası Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin kollektivini 2:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, oyunların final mərhələsi Bakıda Binə Atçılıq Mərkəzinin qapalı manejində keçiriləcək..

“Xəbərlər”, Azərbaycan Televiziyası