Siyasət

“Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi:mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib

19-12-2017 | 09:04        

  

Bu ilin 9 ayında bələdiyyələrin müxtəlif növ vergilər üzrə gəlirləri 11 milyon manatdan artıq olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faizdən artıqdır. Bu barədə “Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda keçirilən konfransda məlumat verilib.

Hazırda ölkə üzrə 1608 bələdiyyə fəaliyyət göstərir.17 il əvvəl yaradılan bələdiyyə institutu artıq sosial həyatımızın bir hissəsinə çevrilib. Əhalinin yerli problemlərinin həllində aktiv rol oynayan bələdiyyələr iri miqyaslı sosial layihələr də həyata keçirir. “Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin edilməsi:mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda keçirilən konfransda Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin rəisi Zahir Əlizadə dedi ki, ölkəmizdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə həvalə edilib. Bununla əlaqədar Nazirlik tərəfindən müvafiq normativ hüquqi sənədlər hazırlanıb, o cümlədən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında Təlimat təsdiq edilib. 2017-ci ilin 9 ayı ərzində ədliyyə orqanlarına  icraatına 44 mindən çox bələdiyyə aktı daxil olub. Bu aktların hər birinin hüquqi ekspertizası aparılmış və nəticədə aktların 95 faizi qanunvericiliyə uyğun hesab edilib, 3.9 faiz aktın dəyişdirilməsi və ya ləğv edilməsi məqsədi ilə təkliflər verilib. Nazirliyin təklifləri əsasında bələdiyyələr tərəfindən qəbul etdilən aktların 564-ü  dəyişdirilərək qanunvericiliyin tələblərinə uyğunlaşdırılıb. Prezident Administrasiyasının sektor müdiri Emin Eyvazov bələdiyyələrin vətəndaş cəmiyyətindəki rolundan danışdı. Bildirdi ki, istər paytaxtda, istərsə də regionlarda həyata keçirilən sosial layihələrdə əksər bələdiyyələr aktiv rol oynayır. Amma bələdiyyələrin mövcud resurslarından kifayət qədər istifadə edilmir. Halbuki, Dövlət Başçısının demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində yürütdüyü siyasətdə bələdiyyələrə xüsusi önəm verilir. Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə isə konfrans iştirakçılarına məlumat verdi ki,yerli özünü idarəetmə institutları üçün Azərbaycanda çox gözəl hüquqi baza yaradılıb. Bu sahədə 119 qanun qəbul edilib ki, bunlarında 32-i əsas, digərləri isə qanunvericilik aktlarına düzəlişlərdir. Qəbul edilən qanun və qərarlar bələdiyyələrin şəfvaf və səmərəli fəaliyyəti üçün bütün imkanarı açıb. Sonra Bələdiyyələrlə iş mərkəzinin İnzibati nəzarət idarəsinin rəisi Ruslan Osmanlı “İnzibati nəzarət icraatı zamanı aşkar olunan nöqsanlar və onların səbəbləri” mövzusunda məruzə ilə çıxış etdi. Millət vəkilləri Rüstəm Xəlilov, Kamran Bayramov və digər konfrans iştirakçıları bu ətrafda öz fikirlərini söylədilər. Əlavə təkliflər səsləndirildi və müzakirələr aparıldı.

“Xəbərlər”, Azərbaycan Televiziyası