Siyasət

“Euronews” telekanalında Bakıda keçirilən “Bakutel-2017” sərgisi ilə bağlı reportaj yayımlanıb

18-12-2017 | 17:01        

  

Dekabrın 14-də “Euronews” telekanalında Bakıda keçirilən “Bakutel-2017” sərgisi ilə bağlı reportaj yayımlanıb. Sərginin əhəmiyyətindən danışılan reportajda Prezident İlham Əliyev “Euronews” müxbirinin sualını cavablandırıb. Həmin reportajı diqqətinizə çatdırırıq.

Azərbaycan beynəlxalq “Bakutel-2017” telekommunikasiya və informasiya texnologiyaları sərgisi virtual və tamamlanmış reallığa həsr olunub. Əsas tendensiyalardan biri məhsulların yeni tətbiq növlərini axtarmaq üçün bu texnologiyaların birləşdirilməsidir. Belə ki, tamamlanmış reallıq eynəyi həkimlərə plastik cərrahlara əməliyyat zamanı eyni vaxtda həm xəstənin üzünü, həm də arzulanan konturları görməyə imkan verir.

İsmayıl Fərzəliyev - Azərbaycan Tibb Universitetinin doktoru:

- Bu layihənin əsas ideyası pasiyentin virtual və real anatomiyasını görməyə imkan verir. Əməliyyat zamanı eynək taxılır və həkimlər sözün əsil mənasında dərinin altındakıları görə bilirlər. Onlar üzün sümüklərini, əzələləri, sinirləri və pasiyentin damarlarını görə biləcəklər.

Ənənəvi virtual reallıq əsasən oyun sənayesində istifadə olunur. Lakin bu texnologiyalar digər sahələrdə daha çox tətbiq edilir.

Aygün Həsənova -Phobia VR sözcüsü:

Bir çox ölkələr artıq virtual gerçəklilk platformalarından məsələn, təbabətdə istifadə edirlər. Bizim şirkət xüsusi olaraq təbabət, peşəkar treninqlər, yanğınsöndürmə hissələrinin hazırlığı üçün nəzərdə tutulmuş platformalar hazırlayır.

Sərgidə dünyanın 20 ölkəsindən 192 şirkət iştirak edir. Burada ənənəvi olaraq informasiya texnologiyaları sahəsində maraqlı startap ideyalarla tanış olmaq mümkündür.

Elçin Ağazadə - Wand-ın layihə rəhbəri:

Wand - sizin smartfonda kağıza yazdıqlarınızın hamısını avtomatik olaraq saxlayan elektron qurğudur. 30 dəqiqə sonra mürəkkəb kağızdan yox olur, lakin bu müddətdə sizin məlumatlarınız artıq serverdə, yaxud proqram əlavədə büsbütün saxlanılır.

2016-cı ildə Dünya Bankının keçirdiyi araşdırmalara görə, Azərbaycan əsasını yanacaq-energetika kompleksi təşkil edən iqtisadiyyatını şaxələndirməlidir. İnformasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı zəruridir.

İlham Əliyev - Azərbaycan Prezidenti:

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim əsas vəzifələrimizdən biridir. Bizim iqtisadiyyatımızın şaxələndirilməsi strategiyası çərçivəsində bu, zəruridir.

Beynəlxalq Elektrorabitə İttifaqının məlumatına görə, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından 176 ölkə arasında 65-ci yeri tutur. Bakı bu sektorun inkişaf strategiyasını işləyib hazırlayıb