Mədəniyyət

Azərbaycan Madriddə keçirilən “Milad Bayramı-Mədəniyyətlər sərgisi”ndə təmsil olunub

18-12-2017 | 16:41        

  

Madriddə “Milad Bayramı-Mədəniyyətlər sərgisi” açılıb. Sərgidə Azərbaycan da təmsil olunub.

Madriddə 3 ildən bir keçirilən “Mədəniyyətlər sərgisi” şəhər sakinləri tərəfindən maraqla qarşılanır. Builki sərgi 70-dən çox diplomatik nümayəndəlik və beynəlxalq təşkilatın əməkdaşlığı və iştirakı ilə reallaşıb. Tədbirdə ilk dəfə ölkəmiz Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə təmsil olunub. Azərbaycan pavilyonunda ölkəmizlə bağlı müxtəlif təbliğat materialları, rəsm nümunələri və incəsənət əsərləri ilə yanaşı, milli mətbəximizin ləziz nemətləri nümayiş etdirilib. Milli pavilyonumuz ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Şəhərin meri Manuela Karmena Azərbaycan pavilyonu ilə yaxından tanış olub, sərgidə özünəməxsusluğu ilə seçildiyini vurğulayıb. O, milli mətbəximizin zəngin təamlarından bəzilərinin dadına baxıb, dolmanı və qutabı çox bəyəndiyini, feyxoanın isə fərqli, ləzzətli dada malik olduğunu deyib. Ölkəmizin sərgidə iştirakı İspaniya KİV nümayəndələrinin də diqqətini cəlb edib. Bir sıra televiziya kanalları milli pavilyonumuzda çəkiliş aparıb. İştirakçı ölkələrin mədəniyyəti və adət-ənənələrini, milli mətbəxini, turizm imkanlarını nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyan sərgi dekabrın 29-dək davam edəcək.

"Xəbərlər", Azərbaycan Televiziyası