Siyasət

Bakıda ikinci milli BMT modeli konfransı başlayıb

18-12-2017 | 16:17        

  

Azərbaycanda ikinci dəfə keçirilən “Milli BMT modeli” konfransı gənclərin inkişafı, onların qlobal müzakirələrdə iştirakı, öz fikirlərini çatdırmaq və mövqelərini əsaslandırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fikir 250-dən artıq gəncin iştirak etdiyi konfransın açılışında səsləndirildi.

Ölkəmizdə BMT modeli hərəkatı Prezident İlham Əliyevin 2014-cü il 19 mart tarixli Sərəncamı ilə Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramı arasında “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında” imzalanan layihə çərçivəsində formalaşıb. Bu barədə ikinci milli BMT modeli konfransının açılışında Gənclər və idman naziri Azad Rəhimov məlumat verdi. Bildirdi ki, konfrans nazirliyin BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində reallaşdırılır. Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev isə vurğuladı ki, layihənin əsas məqsədlərindən biri Azərbaycanda BMT modeli hərəkatının institutlaşdırılması, ali təhsil müəssisələrində BMT modeli - MUN klublarının təsis edilməsi və onları birləşdirəcək şəbəkənin yaradılmasıdır. Diqqətə çatdırdı ki, BMT modeli hərəkatının dəstəklənməsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına daxil edilib. Konfrans çərçivəsində BMT-nin üç komitəsinin işinin simulyasiya ediləcəyini deyən qurumun Azərbaycandakı rezident əlaqələndiricisi və təşkilatın İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai bildirdi  ki, 4 gün ərzində “BMT Təhlükəsizlik Şurası – Myanmadakı vəziyyət”, “Dünya Bankı – Kriptoməzənnənin statusu: perspektivlər və risklər”, “Dünya Səhiyyə Təşkilatı – iqlim dəyişikliyinin insan sağlamlığına təsiri” mövzuları müzakirə ediləcək. Təhsil nazirinin müavini Ceyhun Bayramov, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov və digər çıxış edənlər ölkəmizdə ikinci dəfə keçirilən bu tədbirin gənclərin inkişafı, onların qlobal müzakirələrdə iştirakı, öz fikirlərini çatdırmaq və mövqelərini əsaslandırmaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.

20-dən çox ali təhsil müəssisəsi və orta məktəbdən 250-dən artıq gəncin iştirak etdiyi müzakirələrdə komitənin “Ən yaxşı nümayəndə”, “Ən yaxşı nümayəndə heyəti”, “Ən yaxşı mövqe sənədi” və “Ən yaxşı debatçısı” seçiləcək, qaliblərə təşkilatçılar tərəfindən xüsusi sertifikatlar təqdim olunacaq. Sonda konfransla bağlı “BMT modeli” adlı videoçarx nümayiş etdirildi.

“Xəbərlər”, Azərbaycan Televiziyası