Rəsmi xronika

Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib

18-12-2017 | 14:22        

  

Bu gün Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mərasimdən əvvəl dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” sərgisi ilə tanış oldular. 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, il ərzində Azərbaycan idmançıları xalqımızı böyük qələbələrlə sevindiriblər. Ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda 851 medal qazandığını, onlardan 347-nin qızıl olduğunu deyən dövlət başçısı ötən illə müqayisədə medalların sayının daha çox olduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, bu, Azərbaycanda idmanın inkişafının dinamik xarakter aldığını göstərir. 2017-ci ilin bir çox idman qələbələri ilə yadda qaldığını deyən Prezident İlham Əliyev bu il şahmatçılarımız 3-cü dəfə Avropa çempionu adına layiq görüldüyünü, iki idmançımızın - Məmmədrəsul Məcidovun və Hacı Əliyevin boks və sərbəst güləş üzrə üçqat dünya çempionu olduqlarını, Azərbaycan idman məktəbinin yetirməsi Ramil Quliyevin isə ilk dəfə olaraq yüngül atletika üzrə dünya çempionu titulunu qazandığını bildirdi. Komanda idman yarışlarında da idmançılarımızın çox yaxşı nəticələr göstərdiklərini deyən dövlət başçısı qeyd etdi ki, Bakıda voleybol üzrə qadınlar arasında Avropa çempionatında qızlarımız 4-cü yerə layiq görülüb. “Qarabağ” futbol  komandası tarixdə ilk dəfə olaraq çempionlar liqasının final mərhələsində iştirak edib. Bir neçə ildən sonra Bakı Olimpiya Stadionu futbol üzrə bir neçə mötəbər yarışa ev sahibliyi edəcək. Bu il Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Fərid Qayıbovun Avropa Gimnastika Federaisyasının prezidenti seçilməsini tarixi hadisə kimi səciyyələndirən Prezident İlham Əliyev bunun da Azərbaycan idmanının inkişafının təzahürü olduğunu vurğuladı. Bildirdi ki, bu il ən böyük qələbəmiz Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğurlu çıxışları oldu. “Bu oyunlar, sözün əsl mənasında, böyük idman, dostluq, qardaşlıq bayramı idi” deyən dövlət başçısı  vurğuladı ki, bu mötbər idman yarışı Azərbaycanın gücünü, ölkəmizin dünya miqyasında böyük idman dövləti olduğunu nümayiş etdirdi. Həm döyüş, həm komanda, həm də intellektual idman növlərində qələbələrin sayının çox olduğunu qeyd edən Milli Olimpiya Komitəsinin prezidenti bildirdi ki, Bakıda keçirilən mötəbər beynəlxalq tədbirlər bütün dünyanın diqqətini cəlb edir. Belə ki, bu il ikinci dəfə Bakıda “Formula-1” yarışları uğurla baş tutdu və xarici mətbuatda qeyd olunan ümumi rəyə görə Bakı treki 20 yarışın arasında ilin ən yaxşı yarışı hesab olunub. Prezident İlham Əliyev yarım milyardlıq tamaşaçı auditoriyası olan bu yarışın həm də bütün dünyaya Bakının gözəlliyini nümayiş etdirdiyini, ölkəmizin təbliği üçün unikal imkanlar açdığını vurğuladı. “Bunlar deməyə əsas verir ki, Azərbaycan güclü idman dövlətidir. Əminəm ki, bundan sonra da idmançılarımız bizi qələbələrlə sevindirəcəklər” deyən Milli Olimpiya Komitəsinin prezidenti paytaxtda və bölgələrdə idman infrastrukturunun yaradıldığını, bu günə qədər regionlarda 43 olimpiya idman mərkəzinin inşa edildiyini, bundan sonra da bu istiqamətdə işlərin davam etdiriləcəyini qeyd etdi. Prezident İlham Əliyev bu il həm də Milli Olimpiya Komitəsinin 25 illiyinin qeyd edildiyini bildirdi, ölkəmizin dünyada güclü idman dövləti kimi tanındığını və idmanın kütləviliyinin təmin edildiyini diqqətə çatdırdı. Son Rio Yay Olimpiya Oyunlarında Azərbaycanın dünyada medalların sayına görə 14-cü yerdə qərarlaşdığını, bu qələbənin cəmi 25 il ərzində qazanıldığını deyən Prezident İlham Əliyev qeyd etdi ki, xalqımız bütün dünyaya göstəridi ki, ölkəmizdə idman yüksək səviyyədədir, idman cəmiyyətimizin ayrılmaz hissəsidir və idmançılarımız cəmiyyətdə böyük hörmət qazanıblar. Sonda dövlət başçısı idmançılarımızı dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramı münaisəbətilə təbrik etdi və onlara yeni uğurlar və qələbələr arzuladı.

Sonra 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu. Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Ağayar Axundzadəyə, Zemfira Meftahətdinovaya, Nağı Babayevə, Firat Hüseynova, Vaqid Davudova, Qərib Əliyevə və Kamal Əhmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Aslan Şirəliyevə "Əməkdar Jurnalist", Kamil İsgəndərova "Əməkdar Həkim" fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim etdi. Elxan Məmmədov, Tahir Gözəl və Fərid Qayıbov Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olundular. Ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan Əhəd Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verildi, bir qrup şəxs isə Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanları ilə təltif olundular. Prezident İlham Əliyev 2017-ci ildə yüksək nailiyyətlər göstərmiş idmançıların bir qrupuna və idman mütəxəssislərinə yeni mənzillərin orderlərini təqdim etdi. Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, əməkdar İncəsənət Xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim etdi.