Siyasət

“Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” mövzusunda konfrans keçirilir

18-12-2017 | 13:53        

  

Azərbaycanda müxtəlif dini konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərir. Bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” mövzusunda keçirilən konfransda səslənib.

Konfransda 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsilə böyük bir missiyanı üzərinə götürən ölkəmizin İslam Həmrəyliyinin bərqərar olmasında özünəməxsus mövqeyinin möhkəmləndirilməsi, zamanın böyük probleminə çevrilən İslam ölkələri arasında ziddiyətlərin aradan qaldırılması, həmrəyliyin formalaşdırılmasına yönələn fəaliyyət istiqamətləri və bu sahədə qarşıda duran məsələlər müzakirə mövzusu oldu.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu ilin prezident İlham Əliyev tərəfindən İslam həmrəyliyi ili elan olunduğunu xatırladaraq il ərzində görülən işlərdən danışdı. Komitə sədri Azərbaycanda dini tolerantlıqdan, dinlərarası münasibətlərin inkişafından və buna dövlət dəstəyinin əhəmiyyətini vurğuladı.

Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev ölkəmizdə dini zəmində tolerantlığın olduğunu deyib, bu faktın beynəlxalq iqtisadi layihələrə də müsbət təsir göstərdiyini bildirdi. Milli Məclisin ictimai birliklər və dini durumlar komitəsinin sədri Siyavuş Novruzov isə ölkədə dünyəvi dinlərə verilən dəyərdən söz açdı. Bu gün dünyada İslamla bağlı məqsədli şəkildə mənfi fikir formalaşdırıldığını təəssüflə bildirib, islamofobiyaya qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğuladı. Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simnar Həsənov isə çıxışında Azərbaycanda tolerantlığın hətta Avropadan da güclü olduğunu dedi. Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Bakı şəhər Dağ Yəhudiləri  Dini İcmasının sədri Milix Yevdayev, Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasıının nümayəndəsi Konstantin Pominov və digərləri ölkəmizdə  tarixən formalaşmış dövlət-din münasibətlərinin əhəmiyyətindən danışdılara. Dünyadakı qlobal problemlərin həllində Azərbaycanın tolerantlıq modelinin əhəmiyyəti xüsusilə vurğulandı. Tədbirdə Azərbaycan xalqının  multikultural  və tolerant dəyərləri və bu sahədə aparılan dövlət siyasəti təqdir olundu. Konfrans mövzu ilə bağlı məruzələrin dinlənilməsi ilə davam etdi.