Bölgələr

Hallabong və Red Hyaang meyvələrinin nübar yığımına başlanılıb

18-12-2017 | 13:33        

  

Lənkəranda Hallabong və Red Hyaang meyvə ağaclarının nübar məhsulu yığılır. Cənubi Koreyadan gətirilib ilkin olaraq Lənkəranın Sütəmürdov kəndinin 10 hektar ərazisində əkilən bu sitrus meyvələri öz dadı və görünüşü ilə yanaşı, məhsuldarlığı ilə də digər meyvələrdən fərqlənir. 1 hektar Hallabong bağından 35-45 ton meyvə götürmək mümkündür. İndi əsas məsələ digər sitrus meyvələri kimi hallabongu da soyuqdan qorumaqdır. Sitrus meyvəçiliyində böyük təcrübəsi olan Lənkəranlı fermerlər artıq qışa hazırlıqlarını görüblər.

 

İlk nübardan hələlik 2 ton məhsul toplayan fermerlər, bu meyvənin də cənub bölgəsi üçün perspektivli olacağna əmindir. Digər fermerlər də bu fikirdədirlər. Elə ona görə də gələn illə bağlı hədəfləri daha böyükdür.

 

 

Həm çox meyvə verdiyindən, həm də meyvəsi ləzzətli olduğu üçün yaxşı satıldığından fermerlər hallabong bağlarını genişləndirirlər. Lənkəranın Şiləvar kəndində 100, Şürükdə isə 50 min hallabong tingi əkilib. Məqsəd, hallabong bağlarını ən azı 500 hektara çatdırmaqdır. Amma Cənubi Koreyanın meyvəsini Azərbaycanda yetişdirmək fermerlərə asan başa gəlmir. Həssas qulluq tələb edən Hallabong və Red Hyaang bağlarının suvarılması, dibinin yumşaldılması, alaqdan təmizlənməsi və gübrələnməsi də vaxtı - vaxtında edilməlidir.

 

 

Zəhməti çox olsa da, gəliri də yüksəkdir. Çünki alıcısı var. Həm də baha satılır. Bu meyvəyə qənnadı, kosmetika, ətriyyat, şirə və şərabçılıq sahələrində də tələbat var. Artıq xarici ölkələrə ixrac imkanları da araşdırlır. Ona görə də yaxın vaxtlarda Made in Azerbaijan məhsulları sıralarında Hallabong və Red Hyaang meyvələrini də görsək, təəccüblənmərik.