Mədəniyyət

Fransa portalında Azərbaycandakı kilsələrlə bağlı yazı yerləşdirilib

18-12-2017 | 10:41        

  

Fransa portalında “İpək yolu üzərində yerləşən Azərbaycanda xristian kilsələri” adlı məqalə yerləşdirilib. www.la-croix.com portalında dərc edilən məqalədə qədim İpək Yolunun üzərində yerləşən Azərbaycanın, Qafqaz Albaniyasının paytaxtı hesab edilən Qəbələ və Şəki şəhərlərinin tarixindən, buradakı kilsələrdən bəhs olunur. Şəki Xan sarayı, Çələbi xan, Alban kilsəsi barədə məlumat verilir. Paytaxt Bakıdan sonra Qəbələnin Qədim Ipək Yolu üzərində strateji mövqeyə malik zəngin bir şəhər olduğu qeyd edilir. Bir zamanlar Qəbələnin Qafqaz Albaniyasının paytaxtı olmasından, qədim tarixindən bəhs edilir. Yazıda Qafqaz Albaniyasında yaşayan udinlərin zəngin mədəniyyəti, burada mövcud olan alban kilsələri barədə ətraflı məlumat verilir.  Qeyd edək ki, Azərbaycanda daim diqqət göstərilən qədim xalqlardan udinlərin dünyada sayı 10 minə yaxındır. Onların da 7 mindən çoxu Azərbaycanda yaşayır. Udinlərin kompakt yaşadığı Nic qəsəbəsi dünyanın ən mütərəqqi tolerantlıq modelidir və bununla bağlı Azərbaycan dövləti tərəfindən qəsəbədə sosial-iqtisadi sahədə ciddi işlər görülür. Ölkəmizdə dini fəaliyyət sahəsində aparılan uğurlu siyasət nəticəsində udin etnosu itirilmiş hüquqlarını tam bərpa edib. Onlara məxsus tarixi abidələrin bir qismi yenidən bərpa olunub. Bunlardan biri Qafqazda, eləcə də dünyada ən qədim xristianlıq məbədlərindən biri sayılan, Şəkinin Kiş kəndində inşa edilən Alban kilsə-muzeyidir.